ABŞ–İran münasibətlərində gərginlik yenidən pik həddə çatıb. ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasının taleyinin “ehtimal ki, 10 gün ərzində” bəlli olacağını açıqlayıb. Bu bəyanat Yaxın Şərqdə ABŞ-ın hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir.
Referans Media xəbər verir ki, Vaşinqtonda keçirilən Sülh Şurasının açılışında çıxış edən Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb və Tehranın “regional sabitliyi təhdid etməyə davam edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini” bildirib.
Cenevrədə keçirilən son danışıqlardan sonra ABŞ, İranın uranı zənginləşdirmə proqramından tam imtina edib-etməyəcəyi ilə bağlı cavab gözləyir.
Hazırda “USS Abraham Linkoln” təxminən bir aydır Oman dənizində patrul xidməti aparır. Digər tərəfdən, dünyanın ən böyük aviadaşıyıcılarından olan “USS Gerald R. Ford” gəmisinin Cəbəllütariq boğazını keçərək Şərqi Aralıq dənizinə istiqamətlənəcəyi gözlənilir.
Hərbi ekspertlər bildirirlər ki, iki aviadaşıyıcı qrupunun birləşməsi ABŞ-a bölgədə genişmiqyaslı hava əməliyyatları aparmaq imkanı verə bilər.
Hədəfdə hansı obyektlər var? Mümkün əməliyyat zamanı İranın aşağıdakı obyektlərinin hədəfə çevrilə biləcəyi iddia olunur: Natanz yaxınlığındakı “Pickaxe Mountain” kompleksi Parçində yerləşən Taleghan 2 obyekti İranın ballistik raket infrastrukturu
Məlumatlara görə, İranın arsenalında təxminən 2 min ballistik raket və ölkə üzrə 25 buraxılış bazası mövcuddur. Tehran isə mümkün hücum halında bölgədəki ABŞ hərbi bazalarını “qanuni hədəf” sayacağını bəyan edib.
Müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində
ABŞ İranın mümkün cavab zərbəsinə qarşı hava müdafiəsini gücləndirib. Qətərdə yerləşən “Al Udeid Air Base” bazasına “Patriot” zenit-raket komplekslərinin yerləşdirildiyi bildirilir.
Bundan əlavə:
ABŞ hərbi gəmiləri Aralıq dənizində aktiv mövqedədir. Böyük Britaniyanın RAF-a məxsus “Typhoon” qırıcıları Qətərdə hazır vəziyyətdə saxlanılır. İsrailin təhlükəsizliyi prioritet istiqamətlərdən biri kimi qalır.
Regionda yeni müharibə təhlükəsi?
Analitiklər hesab edirlər ki, qarşıdakı 10 gün diplomatiya ilə hərbi ssenari arasında həlledici mərhələ ola bilər. Razılaşma əldə olunmazsa, Yaxın Şərqdə gərginliyin daha da artacağı istisna edilmir.
