ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında İranla danışıqlardan imtina etdiyini yazıb. O qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi “məhv edilib”.
“Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!”,– Tramp yazıb.
Məlum olduğu kimi, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranda bəzi yüksəkvəzifəli şəxslər öldürülüb.
Onların arasında ölkənin Ali rəhbəri Əli Xamenei də var.
Belə olan halda müharibə nə qədər davam edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İsrailin İrana zərbələr endirəcəyi gözlənilən idi. Onun sözlərinə görə, bu bəlkə də, 12 günlük müharibədə olduğu kimi, rəsmi Təl- Əvivin təxribatıdır:
“Mümkündür ki, İsrail o zaman olduğu kimi, yenə də ABŞ-İran danışıqlarına mane olmaq istədi. Çünki müzakirələr konstruktiv formada inkişaf edirdi. ABŞ-nin indiyə qədər dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, hücum etməməsinin səbəbi də məhz diplomatiyaya üstünlük verməsi idi. Əgər döyüşlər bir-iki günə bitməsə, yəqin ki, uzun çəkəcək. İrana dəqiq zərbələrin endirilməsi də təəccüblü olmamalıdır. Bu, İsrail kəşfiyyatının effektiv işləməsi ilə əlaqələndirilməlidir. İsrail kəşfiyyatının effektiv işləməsi nəticəsində İrana dəqiq zərbələr endirilir. Məqsəd yaxın zamanda rejim dəyişikliyinə nail olmaqdır. Ali dini liderin öldürülməsi İran daxilində ciddi xaos yaratdı. Bu proses xalqı iki yerə böldü. Bəziləri sevinir, bəziləri isə qisas almağa çalışır. İranın ABŞ və İsrailə qarşı cavab tədbirləri davam edir. Amma İrana çox ciddi zərbə dəydi. Bu həm də psixoloji kontekstdə özünü göstərdi”.
K.Novruzov müharibənin çox uzanacağını düşünmədiyini vurğulayıb:
“İstisna etmirəm ki, qarşıdakı bir neçə gündə savaşın ən azı aktiv fazası bitəcək. Birincisi ona görə ki, müharibə neft qiymətlərinə təsir edir. Bu da Ağ Evin maraqlarına uyğun deyil. Elə buna görə də ABŞ İrana hücum üçün həftəsonunu – birjaların bağlı olduğunu günü seçdi. İkincisi, İranla savaş ABŞ-nin maraqlarına uyğun deyil. Əks halda ABŞ çoxdan belə bir müharibəyə başlayardı. Nəzərə almaq lazımdır ki, İran Ərəb dünyası ilə əlaqələr üçün də Vaşinqtona lazımdır. Üstəlik, İrana nöqtə atışları belə düşünməyə əsas verir ki, ABŞ və İsrail məsələni sürətli şəkildə yekunlaşdırmaqda maraqlıdır. Daha bir məqam isə bundan ibarətdir ki, İran artıq daxildən dağılmağa başlayıb. Ölkə artıq vətəndaş müharibəsinə bənzər bir vəziyyət ərəfəsindədir. Düşünmürəm ki, ABŞ müharibənin uzanmasında və İranın Suriyaya çevrilməsində maraqlıdır. Həmçinin, məncə, Trampın iddia etdiyindən fərqli olaraq İranla dialoq üçün hələ də imkan verir. Sadəcə olaraq Vaşinqton Tehranı maksimum qazancla çıxa biləcəyi masa arxasına oturtmaq istəyir. Və buna görə də həm İrana təzyiq siyasətini davam etdirir, həm də hədələyir”.






















