Kolumbiyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizədin qalib gəlmək üçün tələb olunan səs çoxluğunu toplaya bilməməsi səbəbindən yarış ikinci mərhələyə keçib. Bu proses fonunda ABŞ Prezidenti Donald Trampın açıqlaması beynəlxalq diqqət çəkib.
Referans Media xəbər verir ki, Tramp 21 iyunda keçiriləcək ikinci tur seçkilərində ifrat sağçı siyasətçi Abelardo de la Espriella-nı dəstəklədiyini bəyan edib.
ABŞ prezidenti sosial media hesabında paylaşdığı mesajda "Pələng" ləqəbi ilə tanınan Espriellanı ilk turdakı nəticəsinə görə təbrik edib və onun solçu rəqibi üzərində qələbə qazanacağına inandığını bildirib.
Trampın sözlərinə görə, Espriella hakimiyyətə gəldiyi təqdirdə iqtisadi inkişaf, məşğulluq, təhlükəsizlik və qeyri-qanuni miqrasiya ilə mübarizə sahələrində mühüm nəticələr əldə edə bilər. O, həmçinin Kolumbiyada keçirilən seçkilərin ABŞ üçün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Mayın 31-də baş tutan seçkilərin ilk turunda Espriella səslərin 43,62 faizini toplayaraq birinci olub. Hakim koalisiyanın solçu namizədi Ivan Cepeda isə 41,13 faiz səslə ikinci yeri tutub.
Beləliklə, Kolumbiyanın yeni prezidentinin kim olacağına iyunun 21-də keçiriləcək ikinci tur səsverməsində aydınlıq gələcək. Seçki kampaniyasının son mərhələsində isə ABŞ prezidentinin açıq dəstəyi yarışın ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
