ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduroya “dərhal istefa verməli və ölkəni tərk etməlidir” deyib.
Referans Media xəbər verir ki, “Miami Herald” qəzetinin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Trampla Maduro arasında ötən həftə baş tutan telefon danışığı çox qısa çəkib.
Mənbələr iddia edib ki, Maduro azad seçkilərə icazə vermək müqabilində Venesuela ordusuna nəzarəti özündə saxlamağı tələb edib.
Mənbələr həmçinin bildiriblər ki, Maduro “iddia edilən cinayətlər”ə görə özü və yaxın ətrafı üçün “qlobal əfv” istəyib. Tramp bu tələbləri rədd edib və Maduroya ölkədən çıxışı üçün təhlükəsiz keçidi təmin edə biləcəyini, lakin bunun dərhal baş verməli olduğunu” çatdırıb.
Mənbələr həmçinin bildiriblər ki, Vaşinqton Venesuela liderinin orduya nəzarəti saxlamaq tələbini 1991-ci ildə Nikaraquada mövcud olan modelə bənzər “kölgə güc” strukturu yarada biləcəyini əsas gətirərək rədd edib.
Venesuela hökuməti hələ ki, Tramp tərəfindən təsdiqlənən telefon danışığı ilə bağlı açıqlama yaymayıb.
29 noyabrda ABŞ prezidenti Tramp Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını elan edib.
Dünən jurnalistlərə açıqlama verən Tramp, Maduro ilə görüşün baş tutduğunu təsdiqləyərək, “Görüşün yaxşı və ya pis olduğunu deyə bilmərəm” deyib. Venesuela, həmçinin Trampın Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağı barədə açıqlamasından sonra “suverenliyin pozulması”nı əsas gətirərək Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) şikayət etdiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə kontekstində ordunun daha çox və daha effektiv istifadəsini əmr etmişdi.
Bu kontekstdə, ABŞ avqustun sonlarında Venesuela sahillərinə sualtı qayıqlar və hərbi gəmilərdən ibarət dəniz qüvvələri göndərdi və ABŞ Müdafiə Naziri Pit Heqset ABŞ ordusunun rejim dəyişikliyi də daxil olmaqla Venesueladakı əməliyyatlara hazır olduğunu bildirdi.
Buna cavab olaraq Venesuela prezidenti Nikolas Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ-ın Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm Venesuela hökumətinin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib.
Bildirilib ki, dünyanın ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” və onun ABŞ tərəfindən “narkotik ticarəti ilə mübarizə” üçün göndərilmiş hücum qrupu Latın Amerikası bölgəsinə çatıb.
