ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın iki gün ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə dair qərar verəcək. Məlumatlara görə, Türkiyə Putin və Tramp arasında görüş üçün alternativ məkan kimi nəzərdən keçirilir.
Tramp və Putin arasında mümkün görüşdə hansı əsas məsələlər müzakirə oluna bilər? Görüş zamanı Ukrayna-Rusiya münaqişəsi ilə bağlı konkret qərarların qəbul edilməsi gözlənilirmi?
Referans.az xəbər verir ki , Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşünün beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyini deyib.
Onun sözlərinə görə, Tramp yaxın iki gün ərzində bu görüşün baş tutub-tutmayacağı barədə qərar verəcək:
“Məsələnin aktuallığı ondan ibarətdir ki, Vaşinqton və Moskva münasibətləri uzun müddətdir gərgin fon üzərində inkişaf edir və belə bir görüş yeni mərhələnin başlanğıcı ola bilər. Mümkün görüşdə əsas müzakirə mövzularının Ukrayna-Rusiya müharibəsi, enerji təhlükəsizliyi, nüvə silahlarının məhdudlaşdırılması və sanksiya siyasəti olacağı ehtimal edilir. Tramp administrasiyası Rusiya ilə müəyyən sahələrdə dialoqu bərpa etməkdə maraqlı görünür, lakin eyni zamanda ABŞ ictimaiyyətində Rusiyaya münasibətdə sərt yanaşma tələbləri də qalmaqdadır”.
Politoloq görüş zamanı Ukrayna məsələsinə dair konkret qərarların qəbul edilməsinin az ehtimal olunduğunu qeyd edib:
“Çünki hər iki tərəf bu mövzuda prinsipial mövqelərdən geri çəkilmək istəmir. Tramp, əsasən, atəşkəsin davamlı olması, humanitar koridorların açılması və danışıqlar üçün diplomatik şəraitin formalaşması məsələlərini gündəmə gətirə bilər. Putin isə əksinə, Qərbin sanksiya təzyiqlərinin azaldılmasını və təhlükəsizlik zəmanətləri məsələsini önə çəkə bilər. Beləliklə, əgər görüş baş tutarsa, onun strateji və simvolik əhəmiyyəti daha çox olacaq. Yəni tərəflərin münasibətlərində müəyyən yumşalma və gələcək dialoqa zəmin yaranması baxımından mühüm addım hesab edilə bilər”.
Əgər sammit Türkiyədə baş tutarsa, prezident Rəcəb Tayyib Ərdoğanın görüşdə iştirak ehtimalı varmı və onun rolu nədən ibarət ola bilər?
Bununla bağlı açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, görüşün əvvəlcə Macarıstanda baş tutması planlaşdırılsa da, Avropa İttifaqının hava məkanını Rusiyaya bağlaması bu planı çətinləşdirib:
“Çünki Moskva-Budapeşt marşrutu üçün daha uzun və mürəkkəb yol qət edilməlidir. Alternativ məkan kimi Türkiyə nəzərdən keçirilir. Ankara həm ABŞ, həm də Rusiya ilə yaxşı diplomatik və iqtisadi münasibətlərə malikdir. Bu, görüşün məhz Türkiyədə təşkilinə real imkan yaradır. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə lideri ilə dostluq və işgüzar əlaqələrinin olması bu ehtimalı daha da gücləndirir”.
Deputat hazırda görüşlə bağlı yekun qərar verilmədiyini əlavə edib:
“ABŞ tərəfindən yayılan açıqlamaya görə, yaxın iki gün ərzində bu səfərlə bağlı qəti qərarın elan ediləcəyi gözlənilir. Görüşün Türkiyədə keçirilməsi hər iki tərəf üçün əlverişli variantdır. Təhlükəsizlik baxımından da Ankara, xüsusilə Rusiya prezidentinin təhlükəsizliyini tam şəkildə təmin edə bilər. Əgər bu görüş baş tutarsa, həm ikitərəfli, həm də üçtərəfli formatda danışıqların aparılması mümkündür. Bu isə, öz növbəsində, Türkiyənin beynəlxalq siyasətdə nüfuzunu daha da artıracaq”.
