Tramp Venesuela nefti ilə bağlı QƏRAR VERDİ

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlanacaq neft sazişinə dair mühüm açıqlama verib. Tramp bildirib ki, sözügedən razılaşmadan əldə olunacaq gəlirlər yalnız ABŞ istehsalı olan məhsulların alınmasına yönəldiləcək.

Referans Media xəbər verir ki, Donald Tramp bu barədə özünə məxsus “Truth” sosial media platformasında paylaşım edib. Onun sözlərinə görə, Venesuela neft satışından əldə edəcəyi vəsait hesabına Amerika kənd təsərrüfatı məhsulları, ABŞ-da istehsal olunan dərmanlar, tibbi avadanlıqlar, eləcə də ölkənin elektrik şəbəkəsi və enerji infrastrukturunun modernləşdirilməsi üçün nəzərdə tutulan texniki vasitələr alacaq.

ABŞ Prezidenti Venesuelanın bu addımını müsbət qiymətləndirərək qeyd edib ki, Karakas əsas ticarət tərəfdaşı kimi ABŞ-la əməkdaşlıq etməyi öhdəsinə götürür. Tramp bu qərarın həm Venesuela xalqı, həm də ABŞ üçün faydalı olacağını vurğulayıb.

2027-ci il üçün müdafiə büdcəsi artırılır

Eyni zamanda Donald Tramp 2027-ci il üçün ABŞ-ın hərbi büdcəsi ilə bağlı qərarını da açıqlayıb. Prezident senatorlar, Konqres üzvləri və hökumət rəsmiləri ilə aparılan müzakirələrdən sonra müdafiə büdcəsinin 1 trilyon deyil, 1,5 trilyon dollar olmasının zəruri olduğu qənaətinə gəldiyini bildirib.

Trampın sözlərinə görə, bu qərar ABŞ-ın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və ölkəni bütün mümkün təhdidlərdən qorumağa xidmət edəcək.

Büdcə artımının mənbəyi gömrük rüsumları olacaq

ABŞ Prezidenti əlavə edib ki, hərbi büdcədəki artım əvvəllər ABŞ-ı “istismar edən” ölkələrə tətbiq olunan gömrük rüsumları hesabına maliyyələşdiriləcək. Tramp qeyd edib ki, bu rüsumlar sayəsində əldə edilən yüksək gəlirlər həm güclü ordu qurmağa, həm dövlət borclarını azaltmağa, həm də ölkə daxilində orta gəlirli vətəndaşların rifahını artırmağa imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki