Tramp yeni ticarət savaşına başlayır: Türkiyə də siyahıdadır

ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni ticarət məhdudiyyətləri tətbiq etməyə hazırlaşır. Məlumata görə, ABŞ Türkiyə və Avropa İttifaqı da daxil olmaqla 60-dan çox ölkəyə qarşı yeni gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.

Referans Media xəbər verir ki, yeni tarifələrin 10-12,5 faiz arasında dəyişməsi mümkündür. Vaşinqton administrasiyası eyni zamanda Braziliya və Vyetnama qarşı da əlavə ticarət tədbirləri üzərində işləyir.

Məlumata əsasən, ABŞ hökuməti bəzi ölkələrdə dövlət subsidiyaları və istehsal gücü artıqlığı ilə bağlı araşdırmalar aparır. Araşdırmaların nəticələrindən asılı olaraq bir sıra ölkələrə əlavə gömrük rüsumlarının tətbiqi gündəmə gələ bilər.

ABŞ Ali Məhkəməsinin prezident səlahiyyətləri ilə tətbiq olunan bəzi tarifələri ləğv etməsindən sonra Ağ Ev yeni hüquqi mexanizmlər üzərində işləməyə başlayıb. Buna görə də administrasiya əvvəlki ticarət qanunlarına əsaslanaraq yeni tarifə siyasəti hazırlayır.

Məlumata görə, yeni qərarların iyul ayının sonunadək rəsmiləşdirilməsi planlaşdırılır. Hazırda qüvvədə olan bəzi müvəqqəti tarifələrin müddəti həmin dövrdə başa çatır.

ABŞ administrasiyası Çinlə ticarət münasibətlərinin gələcəyi ilə bağlı da yeni strategiya üzərində işləyir. Rəsmi Vaşinqton bəzi Çin məhsullarına tətbiq olunan tarifələrin azaldılması ehtimalını da istisna etmir.

Ekspertlər hesab edirlər ki, yeni tarifə siyasəti qlobal ticarətdə gərginliyi artırmaqla yanaşı, bir çox ölkələrin ixrac imkanlarına da təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki