Trampdan ŞOK TƏHDİD: Ucuz Rusiya nefti alan ölkələr cəzalanacaq!

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış yeni sanksiya paketi təsdiqlənib. Sənədə əsasən, ucuz Rusiya nefti alan ölkələrə qarşı cəza mexanizmlərinin tətbiqi mümkün olacaq.

Referans Media xəbər verir ki, ABŞ-li senator Lindsi Qrem bildirib ki, Prezident Donald Tramp iki partiyanın dəstəyi ilə hazırlanan Rusiya sanksiyaları haqqında qanun layihəsini təsdiqləyib. Senator Qrem Tramp ilə keçirdiyi görüşdən sonra bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Qrem qeyd edib ki, “çox məhsuldar görüşdən sonra Prezident Tramp senator Blumental və digər konqres üzvləri ilə aylar ərzində üzərində işlənilən iki partiyalı Rusiya sanksiyaları layihəsini təsdiqləyib”.

Ucuz Rusiya nefti alan ölkələr hədəfdə

Senatorun sözlərinə görə, sənəd Trampa ucuz Rusiya nefti idxal edən ölkələri cəzalandırmaq imkanı verir. Qrem layihənin Ukraynanın sülh naminə müəyyən güzəştlərə getdiyi bir dövrdə gündəmə gəlməsinə diqqət çəkərək, “zamanlama son dərəcə uyğundur” deyə vurğulayıb.

O bildirib ki, qanun layihəsi Trampa Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı ciddi təsir rıçaqları yaradır və bu ölkələri Rusiya–Ukrayna müharibəsi dövründə Moskvaya maliyyə mənbəyi olan ucuz Rusiya neftini almaqdan imtina etməyə sövq edəcək.

Qeyd edək ki, ötən axşam ABŞ Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri Şimali Atlantik okeanının beynəlxalq sularında Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerinə helikopter dəstəyi ilə əməliyyat keçirib. Tankerin sanksiyaları pozaraq Venesuela və İran nefti daşıdığı iddia olunur.

Məlumata görə, ABŞ hərbçiləri gəminin göyərtəsinə çıxaraq tankeri nəzarətə götürüblər. Daha əvvəl “Bella 1” adı ilə tanınan gəminin Venesuela blokadasından yayınaraq bölgəni tərk etməyə çalışdığı, həmçinin ABŞ-ın “dayan” çağırışlarına məhəl qoymadığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki