Trampdan sonra Putin Pekində - Çin-Rusiya zirvəsi başladı: dünya bu görüşə kilidləndi

Vladimir Putin ilə Si Cinpin arasında Pekində mühüm görüş başlayıb. Zirvədə iqtisadiyyat, enerji və strateji əməkdaşlıq əsas müzakirə mövzuları kimi ön plana çıxır.

Referans Media xəbər verir ki, Vladimir Putinin Çinə səfəri Donald Trampın Pekin ziyarətindən cəmi bir həftə sonra baş tutub. Bu səbəbdən görüş beynəlxalq siyasətdə xüsusi diqqətlə izlənilir.

Rusiya liderini Pekin hava limanında Çinin xarici işlər naziri qarşılayıb. Daha sonra Tiananmen meydanında rəsmi mərasim keçirilib.

Məlumata görə, tərəflər arasında enerji, ticarət və strateji tərəfdaşlıq sahələrində təxminən 40 əməkdaşlıq sənədinin imzalanması gözlənilir. Rusiya və Çin arasında ticarət dövriyyəsinin son iki ildə 240 milyard dolları keçdiyi bildirilir.

Xüsusilə İran ətrafında artan gərginlik və Hörmüz boğazındakı risklər fonunda Rusiyanın Çin üçün əsas enerji tərəfdaşlarından birinə çevrildiyi vurğulanır. Məlumata əsasən, Rusiyanın ixrac etdiyi neft və təbii qazın təxminən yarısını Çin alır.

Vladimir Putin səfər öncəsi yaydığı açıqlamada Rusiya-Çin münasibətlərinin “tarixdə görünməmiş səviyyəyə” çatdığını bildirib. İki ölkə münasibətləri “yeni dövrün hərtərəfli strateji koordinasiya tərəfdaşlığı” kimi xarakterizə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki