Trampın çıxışı gündəmi silkələdi: İrana təhdid, müttəfiqlərə xəbərdarlıq…

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlamalarla gündəmə gəlib. Tramp bildirib ki, Tehranla danışıqlar aparıb və bu görüşləri davam etdirməyi planlaşdırır. Bununla yanaşı, o, hərbi variantın da masada olduğunu açıq şəkildə ifadə edib.

Referans Media xəbər verir ki, Prezident Tramp bu fikirləri həyat yoldaşı Melania Trampın adını daşıyan “Melania” adlı filmin Vaşinqtonda, Kennedi Mərkəzində təşkil olunan qala nümayişinə qatılarkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Son günlər İranla hər hansı təmasın olub-olmaması ilə bağlı suala cavab verən Tramp, “Görüşmüşəm və görüşməyi planlaşdırıram” deyə qeyd edib.

İran rəhbərliyinə açıq mesaj göndərən ABŞ Prezidenti bildirib ki, hazırda İrana doğru hərəkət edən çox böyük və son dərəcə güclü hərbi gəmilər mövcuddur. “Ümid edirəm ki, onları istifadə etməyə məcbur qalmarıq”, – deyə Tramp vurğulayıb.

Tramp İran tərəfinə iki əsas tələb irəli sürdüyünü də açıqlayıb: “Onlara iki şey dedim. Birincisi, nüvə silahı olmayacaq. İkincisi isə etirazçıların öldürülməsinə son qoyulmalıdır. Onlar minlərlə insanı qətlə yetirirlər. İki həftə əvvəl 837 edamın dayandırılmasına nail oldum. Amma artıq konkret addımlar atmalıdırlar”.

ABŞ Prezidenti çıxışı zamanı Böyük Britaniyanın Çinlə yeni əməkdaşlıq planlarına da toxunub. Tramp bu cür addımların London üçün təhlükəli ola biləcəyini bildirib. O, Kanadanın Çinlə əməkdaşlığını isə daha riskli adlandıraraq, “Kanada hazırda yaxşı vəziyyətdə deyil”, – deyə əlavə edib.

Bununla yanaşı, Tramp Kubayla bağlı da sərt fikirlər səsləndirib. O, Kubanı “uğursuz dövlət” adlandıraraq, ölkə rəhbərliyinin öz xalqına qarşı pis rəftar etdiyini iddia edib. “Kuba üçün təəssüflənmək olar. Mən onları boğmağa çalışmıram, amma mövcud vəziyyətdə onların ayaqda qalması çətin görünür”, – deyə ABŞ Prezidenti qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki