Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus "AH-64 Apaçi" helikopterinin vurulmasından sonra Vaşinqton və Tehran arasında gərginlik yeni mərhələyə keçib. ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib, İran isə regiondakı Amerika hərbi bazalarını raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Referans Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Prezident Donald Trampın göstərişi ilə İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqələri və müşahidə radarları vurulub.
"CENTCOM" əməliyyatı “əsassız İran təcavüzünə proporsional cavab” və “özünümüdafiə tədbiri” kimi xarakterizə edib. Məlumata görə, əməliyyat təxminən 4 saat davam edib və ABŞ Hərbi Hava Qüvvələri ilə Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli sursatlarından istifadə olunub.
ABŞ Prezidenti Donald Tramp "Apaçi" helikopterinin vurulmasını təsdiqləyərək bildirib ki, Vaşinqton buna cavabsız qala bilməz. Hadisə zamanı helikopterdə olan iki pilot xilas edilib və onların vəziyyətinin stabil olduğu açıqlanıb.
ABŞ zərbələrindən sonra İran İnqilab Keşikçiləri Korpusu regiondakı Amerika hərbi obyektlərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
İranın məlumatına görə: Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasının qərargahı pilotsuz aparatlarla hədəfə alınıb; İordaniyadakı Muvaffaq Salti (Əl-Əzraq) hərbi bazasına uzaqmənzilli raketlər atılıb; Ümumilikdə ABŞ-a aid 21 hərbi hədəfə zərbələr endirilib.
İran tərəfi həmçinin ABŞ-a məxsus "MQ-9 Reaper" pilotsuz uçuş aparatının Buşəhr vilayəti üzərində vurulduğunu iddia edib.
İnqilab Keşikçilərinin yaydığı açıqlamada ABŞ-ın əvvəlki zərbələri nəticəsində Sirik bölgəsində rabitə qülləsinin zədələndiyi və iki su anbarının məhv edildiyi bildirilib.
İranın cavab hücumlarından sonra Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, bəzi ərazilərdə hava həyəcan siqnalları verilib. Hazırda tərəflərin növbəti addımları diqqətlə izlənilir.
