Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Fosten-Arkanj Tuadera Rusiya Prezidenti Vladimir Putini əməkdaşlıq məsələlərinə böyük diqqət göstərən və dünya miqyasında önəmli siyasi fiqur kimi xarakterizə edib.
Referans Media xəbər verir ki, Tuadera bu fikirləri seçkilərdə qalib gəldikdən sonra TASS agentliyinə verdiyi ilk müsahibəsində səsləndirib. O bildirib ki, Vladimir Putin qlobal miqyasda seçilən və beynəlxalq ictimaiyyət üçün əsl lider sayılan şəxsiyyətdir.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Tuadera bir neçə nazirdən ibarət nümayəndə heyəti ilə Rusiyaya səfər edib və Vladimir Putinlə danışıqlar aparıb. Görüş zamanı tərəflər kənd təsərrüfatı, heyvandarlıq, təhsil, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Həmin görüşdə Vladimir Putin Moskvanın MAR-a humanitar yardım göstərməyə, o cümlədən buğda tədarükünü davam etdirməyə hazır olduğunu bildirib. Prezident Tuadera isə Rusiyanın bu dəstəyinə görə təşəkkürünü ifadə edib.
