Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda Süheyla Ö. və onun bacısı Sümeyyə K.A. yaşadıqları evdə odlu silahla vurularaq öldürülmüş vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı bir şübhəlinin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Referans Media xəbər verir ki, hadisə gecə saatlarında Nusaybin rayonunun Mərkəz 8 Mart məhəlləsi, Aram küçəsində baş verib. 112 Təcili Yardım Mərkəzinə daxil olan məlumatdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Mənzilə daxil olan əməkdaşlar iki bacını güllə yaraları ilə hərəkətsiz vəziyyətdə aşkar ediblər. Həkimlərin ilkin baxışı zamanı onların dünyasını dəyişdiyi müəyyən olunub. Mərhumların meyitləri hadisə yerində aparılan baxışdan sonra yarılma üçün xəstəxananın morquna göndərilib.
Hadisədən sonra Vilayət Polis İdarəsi nəzdində xüsusi istintaq qrupu yaradılıb. Rayon üzrə kameralar, eləcə də marşrut üzərindəki ev və obyektlərin təhlükəsizlik kameralarının görüntüləri araşdırılır. İlkin məlumatlara əsasən, şəxsiyyəti müəyyən edilən bir şübhəlinin tutulması üçün işlər davam etdirilir.
Faktla bağlı istintaq davam edir.
