Türkiyədə quduzluq yayıldı: Karantin rejimi tətbiq edildi

Bitlis vilayətinin Kömürlü kəndində quduzluq faktının aşkarlanmasından sonra ərazi karantinaya alınıb.

Referans Media xəbər verir ki, rayon mərkəzindən təxminən 35 kilometr məsafədə yerləşən Kömürlü kəndində vəhşi heyvan tərəfindən dişlənmiş bir itdən götürülən nümunədə quduzluq virusu müəyyən edilib. Bunun ardınca Rayon Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin əməkdaşları tərəfindən kəndin girişinə “Bu kənddə quduzluq xəstəliyi var” yazılı xəbərdarlıq lövhəsi yerləşdirilib və karantin rejimi tətbiq olunub.

Karantin çərçivəsində Kömürlü kəndinə canlı heyvanların giriş-çıxışı qadağan edilib. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq profilaktik tədbirlər görülür. Səlahiyyətli qurumlar sakinləri diqqətli olmağa və şübhəli hallarla bağlı dərhal aidiyyəti orqanlara məlumat verməyə çağırıb.

6 kənd və 2 məhəllədə də məhdudiyyətlər tətbiq edildi

Təhlükəsizlik məqsədilə Kömürlü kəndinə yaxın ərazilərdə yerləşən Heybəli, Qaraşeyx, Gümüşdöyən, Akyazı, Örəntaş və Mollafadıl kəndləri, eləcə də Aydınlar qəsəbəsinə bağlı Budaklı və Gültəpə məhəllələrində də canlı heyvanların giriş-çıxışına məhdudiyyət qoyulub.

Bildirilib ki, bölgədə nəzarət və monitorinq tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki