Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə baş verən son hərbi eskalasiya nəticəsində İran, Livan və İsrail ərazisində 1 800-dən çox insanın həyatını itirdiyini, azı 12 500 nəfərin isə yaralandığını açıqlayıb.
Referans Media-nın xəbərinə görə, Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, münaqişənin son mərhələsinin başlamasından on gündən çox vaxt keçməsinə baxmayaraq, regionda səhiyyə sistemləri ciddi təzyiq altındadır.
Onun sözlərinə görə, ilkin məlumatlara əsasən:
İranda 1 300-dən çox insan ölüb, 9 000-dən çox insan yaralanıb;
Livanda azı 570 nəfər həyatını itirib, 1 400-dən çox insan yaralanıb;
İsraildə isə 15 nəfər ölüb, 2 142 nəfər xəsarət alıb.
ÜST rəhbəri qeyd edib ki, regionda səhiyyə obyektlərinə qarşı hücumların sayı da artır. Onun sözlərinə görə, fevralın 28-dən bu yana təşkilat İranda 18, Livanda 25, İsraildə isə 2 belə hücumu qeydə alıb. Bu cür hücumların təkcə insan itkilərinə səbəb olmadığını, həm də insanların həyati tibbi yardıma çıxışını məhdudlaşdırdığını vurğulayıb.
Tedros Adhanom Qebreyesus həmçinin bildirib ki, münaqişə nəticəsində ictimai sağlamlıq riskləri sürətlə artır. Məlumata görə, İranda 100 mindən çox, Livanda isə 700 minə qədər insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Onların bir çoxu təmiz su və sanitariya imkanlarına məhdud çıxış şəraitində yaşayır. Xüsusilə qadınlar və uşaqlar xəstəlik riski ilə daha çox üzləşirlər.
ÜST bütün tərəfləri mülki şəxslərin və səhiyyə sisteminin qorunmasına, humanitar yardımların maneəsiz çatdırılmasına və gərginliyin azaldılması istiqamətində addımlar atmağa çağırıb. Təşkilat bildirib ki, təcili tədbirlər görülməzsə, onsuz da zəif olan səhiyyə sistemlərinin tam çökməsi riski yarana bilər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı paytaxt Tehran da daxil olmaqla bir sıra iri şəhərlər hədəfə alınıb. ABŞ administrasiyası əməliyyatı İranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb.
Buna cavab olaraq İranın “Islamic Revolutionary Guard Corps” İsrail ərazisindəki hədəflərə qarşı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb. Həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ ərazisində yerləşən ABŞ hərbi bazalarının da hücuma məruz qaldığı bildirilib.
Məlumata görə, ABŞ-İsrail birgə hücumları nəticəsində İranın ali dini lideri Ayatollah Ali Khamenei və bir sıra yüksək vəzifəli iranlı rəhbərlər həyatını itirib.
