Vaşinqtonda kritik qərar: Senat Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırdı

ABŞ Senatı Trampın İrana hücum səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarını Konqresin təsdiqinə bağlayan “müharibə səlahiyyətləri” qanun layihəsini qəbul edib.

Sənəd Senatda keçirilən səsvermədə 50 lehinə, 47 əleyhinə səslə təsdiqlənib. Qanun layihəsinə bir neçə respublikaçı senatorun dəstək verməsi diqqət çəkib. Respublikaçı senatorlar Rand Paul, Syuzan Kollins, Liza Murkovski və Bill Kassidi layihənin lehinə səs veriblər.

Demokrat senator Con Fetterman isə layihəyə qarşı çıxan yeganə demokrat olub. Oxşar məzmunlu sənədin yaxın vaxtlarda Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasında da səsverməyə çıxarılması gözlənilir. Layihə burada da qəbul olunarsa, sənəd Ağ Evə göndəriləcək.

Məlumata görə, Donald Trampın qanun layihəsinə veto qoyacağı ehtimal edilir.

Bununla belə, səsvermənin nəticəsi Respublikaçılar daxilində İranla uzunmüddətli müharibə ehtimalına qarşı narahatlığın artdığını göstərən mühüm siqnal kimi qiymətləndirilir.

Qeyd edək ki, 1973-cü ildə qəbul edilən “Müharibə Səlahiyyətləri Qanunu” ABŞ prezidentinin hərbi qərarlarını Konqres nəzarətinə bağlayır. Qanuna əsasən, Konqres təsdiqi olmadan başlayan əməliyyatlarda ABŞ hərbçiləri 60 gün ərzində geri çəkilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki