ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib. Tramp bildirib ki, İranın əlində olan zənginləşdirilmiş uran tamamilə məhv edilməlidir.
Referans Media xəbər verir ki, Tramp öz sosial hesabında paylaşdığı açıqlamada uranın ya ABŞ-yə təhvil verilməsini, ya da beynəlxalq nəzarət altında məhv olunmasını təklif edib.
O qeyd edib ki, İranın əlində olan zənginləşdirilmiş uran dünya təhlükəsizliyi üçün ciddi risk yaradır:
“Zənginləşdirilmiş uran ya dərhal ABŞ-yə gətirilərək məhv edilməlidir, ya da beynəlxalq qurumların nəzarəti altında olduğu yerdə tamamilə yox edilməlidir”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, proses Atom Enerjisi Komissiyası və ya oxşar beynəlxalq qurumların nəzarəti altında həyata keçirilməlidir.
Trampın açıqlaması ABŞ və Iran arasında diplomatik təmasların davam etdiyi bir vaxtda səslənib. Son günlər Hürmüz boğazı ətrafında artan hərbi gərginlik də diqqət mərkəzindədir.
Ekspertlər hesab edirlər ki, Trampın bu çıxışı Vaşinqtonun Tehran üzərində təzyiqləri artırmaq niyyətindən xəbər verir. Analitiklərin fikrincə, qarşıdakı dövrdə nüvə danışıqları və regional təhlükəsizlik məsələləri daha da kritik mərhələyə keçə bilər.
