Venesuela: ABŞ-ın hərbi müdaxiləsi zamanı ölənlərin sayı 100-ə çatdı

Venesuela daxili işlər naziri Diosdado Kabello, ABŞ-ın ölkədə həyata keçirdiyi və dövlət başçısı Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi müdaxilə zamanı həlak olanların sayının 100-ə yüksəldiyini açıqlayıb.

Referans Media xəbər verir ki, dövlət televiziyası VTV-yə danışan Kabello bildirib ki, ABŞ ordusunun müdaxiləsi zamanı çox sayda insan dünyasını dəyişib, evlərində olan qadınlar da daxil olmaqla çoxlu mülki şəxs yaralanıb.

Kabello qeyd edib: “Ölkəmizə qarşı həyata keçirilən bu hücum son dərəcə dəhşətli idi. Bu, reallıqdır və heç kim bunu gizlədə bilməz. Hazırda 100 ölü və bir o qədər də yaralı var. Venesuela xalqı ləyaqətli və cəsur xalqdır.”

Nazirin sözlərinə görə, ABŞ-ın istifadə etdiyi güclü bombalar səbəbindən döyüşlə heç bir əlaqəsi olmayan mülki şəxslər də ölüb. O, əməliyyat zamanı Prezident Nikolas Maduronun həyat yoldaşının başından, Maduronun isə ayağından yaralandığını bildirib.

ABŞ müdaxiləsi zamanı ölən kubalılara da toxunan Kabello, “Silahlı Qüvvələrdəki yoldaşlarımız, Venesuelada olan kubalı qardaşlarımız, polis əməkdaşları və evlərində yatarkən qəfil hücuma məruz qalaraq öldürülən insanlar vardı” deyə vurğulayıb.

Nə baş vermişdi?

Yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda yerli vaxtla gecə saat 02:00 radələrində partlayış və hərbi təyyarələrin səsi eşidilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki