Venesuela: Maduro Quterreşlə görüşdü

Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. Görüşdə regional sülh və son siyasi proseslər müzakirə edilib.

Referans Media xəbər verir ki, Venesuela hökumətinin rəsmi internet saytında yayımlanan məlumata görə, Maduro Quterreşi Venesuelaya yönəlmiş təhdidlərin miqyası və bunun regional sülh üçün yaratdığı ciddi nəticələr barədə məlumatlandırıb.

Telefon danışığı zamanı Maduro, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə səsləndirdiyi son açıqlamaları pisləyib, Venesuelanın neftinin, təbii sərvətlərinin və ərazilərinin yalnız ölkəyə məxsus olduğunu vurğulayıb.

Maduro bildirib ki, Trampın bu bəyanatları BMT sistemi tərəfindən qəti şəkildə rədd edilməlidir. Onun sözlərinə görə, Venesuelanın suverenliyini hədəf alan bu cür açıqlamalar beynəlxalq hüquqa və sülhə birbaşa təhdid yaradır.

Görüşdə Venesuelaya qarşı tətbiq olunan siyasi, diplomatik və iqtisadi mühasirəyə də diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, bu proses “müasir quldurluq” xarakteri daşıyan hərəkətləri ehtiva edir. Venesuela neftini qanuni şəkildə daşıyan bir gəmiyə edilən hücumun beynəlxalq normalarla uzlaşmadığı və bunun “barbarlıq diplomatiyası”nın bir hissəsi olduğu bildirilib.

Açıqlamada Quterreşin mövqeyinə də yer verilib. Bildirilib ki, BMT Baş katibi beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib, gərginliyin artmasının və münaqişənin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Quterreş mümkün qarşıdurmanın Latın Amerikası və Karib hövzəsinin sülh bölgəsi statusuna və regional sabitliyə ciddi zərər vura biləcəyini qeyd edib. O, vəziyyəti yaxından izləyəcəyini, BMT Təhlükəsizlik Şurası çərçivəsində prosesə nəzarət edəcəyini, həmçinin daim gərginliyin azaldılması, diplomatiya, dialoq və mübahisələrin sülh yolu ilə həllini prioritet tutacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki