Delsi Rodrigezin rəhbərlik etdiyi Venesuela hökumətində mühüm kadr dəyişikliyi baş verib. Müvəqqəti dövlət başçısı ölkənin uzun illər müdafiə naziri olmuş Vladimir Padrino Lópezi vəzifəsindən azad edib və onun yerinə Gustavo González Lópezi təyin edib.
Referans Media xəbər verir ki, Rodrigez sosial media hesabında yaydığı açıqlamada yeni təyinatı elan edərək bildirib ki, ölkənin müdafiə sisteminə rəhbərlik bundan sonra González Lópezə həvalə olunacaq. O, həmçinin vəzifədən ayrılan Padrino Lópezə uzun illər xidmətinə görə təşəkkür edib.
12 ildən çox vəzifədə qalmışdı
Vladimir Padrino López 2014-cü ilin oktyabrından etibarən Venesuelanın müdafiə naziri idi və ölkənin yaxın tarixində ən uzun müddət bu vəzifəni tutan şəxs hesab olunurdu.
O, keçmiş prezident Nicolás Maduro dövründə siyasi hakimiyyətlə ordu arasında əsas əlaqələndirici fiqurlardan biri kimi tanınırdı və hökumətin ən güclü hərbi fiqurlarından sayılırdı.
Yeni nazir kimdir?
Yeni müdafiə naziri təyin edilən Gustavo González López əvvəllər ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarında yüksək vəzifələr tutub. O, son olaraq Prezidentin Şərəf Mühafizəsi Komandanı və hərbi əks-kəşfiyyat qurumunun rəhbəri kimi fəaliyyət göstərirdi.
ABŞ-ın ittihamları
Keçmiş nazir Vladimir Padrino López ABŞ tərəfindən də ittiham olunurdu. ABŞ Ədliyyə Nazirliyi onu narkotik qaçaqmalçılığı ilə əlaqədə günahlandıraraq tutulmasına görə 15 milyon dollar mükafat elan etmişdi.
Analitiklər bu dəyişikliklərin Venesuelada siyasi və hərbi elita daxilində yenidən güc balansının formalaşması ilə bağlı ola biləcəyini qeyd edirlər.
