ABŞ Prezidenti Donald Tramp Florida ştatında keçirdiyi istirahətdən sonra Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.
Referans Media xəbər verir ki, Tramp Qrenlandiyanın son dərəcə strateji əhəmiyyətə malik ərazi olduğunu bildirərək, hazırda adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib.
“DANİMARKA BUNU BACARMAYACAQ”
Qrenlandiyaya mümkün ABŞ müdaxiləsi ilə bağlı sualı cavablandıran Tramp bildirib: “Milli təhlükəsizliyimiz baxımından Qrenlandiyaya ehtiyacımız var və Danimarka bunu təmin edə bilməyəcək”.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun Qrenlandiya üzərində nəzarəti Qərbin daha geniş maraqlarına xidmət edəcək və bu, Avropa İttifaqının təhlükəsizliyi üçün də zəruridir.
Qeyd edək ki, Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya daha əvvəl ABŞ-dən gələn, suverenliyin ötürülməsini də ehtiva edən təklifləri rədd edib.
DANİMARKADAN “TƏHDİDLƏRİ DAYANDIRIN” ÇAĞIRIŞI
Donald Trampın Qrenlandiyanı satın alma ideyasını yenidən gündəmə gətirməsindən sonra Danimarkanın Baş naziri Mette Frederiksen ölkənin dövlət televiziyası TV2-yə açıqlama verib.
Frederiksen bildirib: “ABŞ-nin Qrenlandiyanı ələ keçirməsinin zəruriliyini müzakirə etməyin heç bir mənası yoxdur və bu təhdidlər dayandırılmalıdır. ABŞ-nin Danimarka Krallığı Birliyinə (Rigsfællesskabet) daxil olan iki muxtar bölgədən hər hansı birini ilhaq etmək hüququ və səlahiyyəti yoxdur”.
Baş nazir əlavə edib ki, Qrenlandiya NATO ərazisidir və ada alyansın kollektiv təhlükəsizlik zəmanəti altındadır.
QRENLAND PAYLAŞIMI GÜNDƏM OLDU
ABŞ-nin Venesuelaya dair əməliyyatlarından sonra Donald Trampın keçmiş müşaviri Stiven Millerin həyat yoldaşı Keti Miller “X” platformasında Qrenlandiya xəritəsi üzərində ABŞ bayrağının yerləşdirildiyi görüntünü “Tezliklə” qeydi ilə paylaşıb.
Paylaşım bəzi çevrələrdə “Madurodan sonra növbəti hədəf Qrenlandiyadırmı?” suallarına səbəb olub. Danimarkanın Vaşinqtondakı səfiri də paylaşmaya reaksiya verərək, ABŞ-dən Danimarkanın ərazi bütövlüyünə hörmət göstərilməsini gözlədiklərini vurğulayıb.
