Yuri Vernidub «Neftçi»nin cari mövsüm keçirdiyi bütün oyunları izləyib.
Samir Abasovdan sonra baş məşqçi postuna ən real namizəd olan ukraynalı mütəxəssis komandanın çıxışını incələyib.
59 yaşlı çalışdırıcı bu barədə klub rəsmilərinə öz rəyini bildirib. Vernidubun fikrincə, bəzi mövqelərdə güclənməyə ehtiyac var.
O, müdafiənin mərkəzi və yarımmüdafiənin hər iki cinahıyla bağlı narahatlığını dilə gətirib. Çalışdırıcı orta yaş həddinin yüksək olmasına da diqqət çəkib.
Qeyd edib ki, bundan sonrakı periodda mərhələli şəkildə gəncləşdirmə siyasəti aparmalıdır.
Bəli, “Neftçi”ilə Yuri Vernidub arasında danışıqlar davam edir. Son günlərdə tərəflər arasında telefon görüşmələri bir qədər də intensivləşib.
Ukraynalı elə bu gün Azərbaycana gəlməyə hazırdır. O, sadəcə, bir qədər gözləməyi xahiş eləyib.
Vernidub bildirib ki, axır 3-4 ayda Avropadan xeyli təklif alıb, lakin ölkədən çıxışına icazə verilmədiyi üçün Ukraynada qalıb.
Təcrübəli mütəxəssis yerli hökümət dairələri ilə yenidən əlaqə saxladığını, budəfəki müraciətinə müsbət cavab alacağına ümid bəslədiyini deyib.
Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.
