Xərçəng artıq yaş tanımır: Gənclər niyə risk altındadır? – ƏSAS SƏBƏBLƏR

Dövrümüzün ən qorxulu və təhlükəli xəstəliklərindən biri olan xərçəng artıq təkcə yaşlı nəslin problemi deyil. Son illər bu xəstəliyin gənclər arasında da sürətlə artması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı Referans Media-ya danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, ümumilikdə xərçəng müəyyən endogen və ekzogen səbəblər nəticəsində orqanizmdə ayrı-ayrı hüceyrələrin genom nəzarətindən çıxaraq sərbəst şəkildə böyüməsi və bədən resursları hesabına inkişaf etməsi ilə yaranır. Onun sözlərinə görə, xərçəng hər zaman mövcud olub və hər kəs bu xəstəliklə üzləşə bilər.

Həkim qeyd edib ki, genetik defektləri və gen mutasiyaları olan şəxslərdə, eləcə də ekstremal şəraitdə — atmosfer havasının çirkləndiyi, içməli su problemlərinin olduğu mühitdə yaşayan, siqaret çəkən və digər zərərli vərdişlərə malik insanlarda risk daha yüksəkdir. Bu zaman orqanizm davamlı olaraq sərbəst radikallar və kanserogen maddələrin təsirinə məruz qalır ki, bu da xərçəngin inkişaf ehtimalını artırır.

Bundan əlavə, artıq çəki, xolesterinin yüksək olması, ikinci tip şəkərli diabet, oturaq həyat tərzi və zərərli vərdişlər də xəstəliyin yaranma riskini daha da yüksəldir.

Mütəxəssis vurğulayıb ki, hazırda gənclər arasında zərərli vərdişlərin yayılması, həddindən artıq qida qəbulu, fast food və energetik içkilərdən istifadə geniş yayılıb. Qadınlar arasında siqaret çəkənlərin sayının artması da narahatedici məqamdır. Onun sözlərinə görə, bütün bu amillər gənclər arasında xərçəng riskini artırır.

Eyni zamanda, getdikcə pisləşən ekoloji mühit və ekosistemdəki ciddi problemlər də xəstəliyin artım dinamikasını şərtləndirir. Həkim qeyd edib ki, mövcud tendensiyalar xərçəng statistikasında artımın proqnozlaşdırıldığını göstərir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki