İzmirin Torbalı rayonunda tikinti ərazisində yanmış vəziyyətdə tapılan 73 yaşlı Emine Dönmezin qətlinin detalları ortaya çıxıb. Hadisə ilə bağlı saxlanılaraq həbs edilən Dilek Doğanın təxminən 2 milyon TL məbləğində virtual qumar borcunun olduğu müəyyən edilib.
Referans Media xəbər verir ki, hadisə 18 may tarixində Yeddi Eylül məhəlləsində, Fetret çayı yaxınlığındakı tikinti sahəsində qeydə alınıb. Əraziyə gələn polis əməkdaşları yanmış qadın meyiti aşkarlayıb və aparılan araşdırma nəticəsində meyitin Emine Dönmeze aid olduğu təsdiqlənib.
Cinayətlə bağlı hadisə yerində olan Dilek Doğan polis tərəfindən saxlanılıb. Zərərçəkmişə məxsus iki bilərzik də daxil olmaqla ziynət əşyaları və alış-veriş üçün götürüldüyü bildirilən 30 min TL nağd pul şübhəlinin avtomobilindən aşkar edilib.
Dilek Doğan ilkin ifadəsində cinayət ittihamlarını rədd etsə də, sonradan panikaya düşdüyünü və meyiti yandırdığını etiraf edib. O, məhkəmə qərarı ilə “qəsdən adam öldürmə” ittihamı ilə həbs olunub.
Aparılan araşdırmalar zamanı Emine Dönmez ilə Dilek Doğanın ailə dostu olduğu, hətta mərhumun bir müddət əvvəl Doğanın nikah şahidi olduğu da məlum olub.
Hadisənin baş verdiyi gün onların birlikdə alış-veriş məqsədilə Kemeraltı bölgəsinə getmək üçün görüşdükləri müəyyən edilib. Polis araşdırmanı davam etdirir.
