Yaponiyada “ağ kabus” təsirini davam etdirir: Ölənlərin sayı artdı

Yaponiyada 20 yanvar tarixindən bəri davam edən güclü qar yağışı səbəbilə həyatını itirənlərin sayı 27 nəfərə, yaralananların sayı isə 290 nəfərə çatıb.

Referans Media xəbər verir ki, Yaponiyanın müxtəlif bölgələrində təsirli olan şiddətli qar yağışı və soyuq hava şəraiti ağır nəticələrə yol açıb. Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (FDMA) açıqladığı son məlumatlara görə, qar yağışı və şaxtalar nəticəsində ölənlərin sayı azı 27 nəfər olub.

Ölüm hallarının ən çox qeydə alındığı əyalət Niigatadır – burada 12 nəfər həyatını itirib. Onu 6 ölümlə Akita, 3 ölümlə Hokkaydo və 2 ölümlə Aomori əyalətləri izləyir. İvate, Yamagata, Naaqano və Şimane əyalətlərində isə hər birində 1 nəfərin öldüyü bildirilib.

Ölkə üzrə 101-i ağır, 189-u yüngül olmaqla, ümumilikdə 290 nəfər güclü qar yağışı və buzlanma səbəbilə baş verən qəzalar nəticəsində yaralanıb.

Daha əvvəl 4 nəfərin öldüyü açıqlanmışdı

Qeyd edək ki, 20 yanvar tarixindən etibarən təsir göstərən güclü qar yağışı və soyuqlar ölkənin bir çox bölgəsində hava, avtomobil və dəmir yolu nəqliyyatında ciddi fasilələrə səbəb olub. FDMA-nın 23 yanvar tarixli açıqlamasında isə həmin vaxta qədər ən azı 4 nəfərin öldüyü, 26 nəfərin yaralandığı bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki