ABŞ və İsrailin İrana qarşı hücumlara başlamasından sonra Livan ərazisindən ilk dəfə İsrailə raket atılıb. 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəsdən bəri ən şiddətli hücum kimi qiymətləndirilən insidentdə 6 raketin buraxıldığı bildirilir.
Referans Media xəbər verir ki, İsrail ordusu raketlərin qarşısının alındığını açıqlasa da, ölkənin şimal bölgələrində hava həyəcan siqnalları işə düşüb.
İsrail mediası hücumun Livanla İsrail arasında 27 noyabr 2024-cü ildə razılaşdırılmış atəşkəsdən sonra Hizbullah tərəfindən həyata keçirilən ən şiddətli zərbə olduğunu yazıb. Yerli “Kanal 12” telekanalı Livandan 6 raketin atıldığını iddia edib.
Hizbullah daha əvvəl İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı yaydığı bəyanatda cavab addımı atacağına işarə etmişdi.
İsrail Müdafiə Qüvvələri (IDF) Livandan həyata keçirilən raket hücumlarına cavab olaraq ölkə ərazisində Hizbullah hədəflərinə zərbələr endirməyə başladığını açıqlayıb.
IDF bəyan edib ki, “Hizbullah İran rejimi adından hərəkət edərək israilli mülki şəxsləri hədəfə alır və Livanı dağıntıya sürükləyir”. Ordunun “Aslanın Nəriltisi” əməliyyatı çərçivəsində müxtəlif ssenarilərə hazır olduğu vurğulanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt Beyrut və ətraf bölgələrdə çoxsaylı partlayışların baş verdiyi, tüstü sütunlarının yüksəldiyi görünür. Yerli sakinlər arasında təşviş yaşandığı bildirilir.
Qeyd edək ki, günün əvvəlində İsrail ordusu Livandan buraxılan bəzi raketlərin zərərsizləşdirildiyini, bəzilərinin isə açıq ərazilərə düşdüyünü açıqlamışdı. Hadisə nəticəsində ölən və ya yaralananlarla bağlı rəsmi məlumat verilməyib.
Bölgədə gərginlik artmaqda davam edir və hadisələrin daha genişmiqyaslı toqquşmaya çevrilə biləcəyi ilə bağlı narahatlıqlar güclənir.
