Hindistanda qızıl və gümüş fondları ilə bağlı yeni qaydalar tətbiq olunub. Artıq bu fondlar aktivlərini London bazar qiymətləri ilə deyil, yerli birja (spot) qiymətləri əsasında dəyərləndirəcək. Bu dəyişiklik fondların performansını birbaşa daxili bazardakı qiymətlərdən asılı vəziyyətə gətirir və qlobal bazarlara mümkün təsiri ilə müzakirə olunur.
Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu qərarın nə qlobal bazarlara, nə də Azərbaycana ciddi təsiri gözlənilmir.
Onun sözlərinə görə, dünyada qızıl və digər qiymətli metalların qiymətləri əsasən beynəlxalq əmtəə birjalarında formalaşır: “Dünyada əmtəələrin qiyməti qlobal bazar mexanizmləri ilə müəyyən edilir. Hindistanın qəbul etdiyi bu qaydaların dünya bazar qiymətlərinə təsiri olmayacaq”.
İqtisadçı vurğulayıb ki, bu səbəbdən Azərbaycanda qızıl qiymətlərində də hər hansı dəyişiklik gözlənilmir. “Bu qərarın Azərbaycana və yerli bazara birbaşa təsiri yoxdur”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, Hindistan daxilində müəyyən qiymət fərqləri və daxili bazar dəyişiklikləri baş verə bilər. Lakin bu dəyişikliklər qlobal qiymətlərin formalaşmasına təsir edəcək səviyyədə deyil.
Beləliklə, mütəxəssisin fikrincə, Hindistanda tətbiq olunan yeni qaydalar daha çox daxili bazara yönəlib və beynəlxalq qızıl bazarında ciddi dalğalanma yaratması gözlənilmir.
Gülnaz Abdullazadə
