image-sigorta78backend

Yeni sığorta qaydaları: Kim nə qədər ödəyəcək?

Mərkəzi Bankın sığorta bazarındakı son dəyişiklikləri bir çox suallar doğurub.

Köhnə güzəştlərimiz sıfırlanır?

Xeyr, illərdir qəza etmədiyiniz üçün topladığınız “Bonus”lar itmir. Əvvəlki sistemdəki göstəriciləriniz yeni “sığorta tarixçəsi əmsalı”na köçürüləcək. Yəni intizamlı sürücü kimi qazandığınız üstünlüklər qorunur.

Qiymət artımı kimlərə şamil olunacaq?

Əgər son bir ildə qəza törətmisinizsə və hadisədə təqsirkar sizsinizsə, sığorta haqqınız hər qəzaya görə 30 faiz artacaq. Həmçinin avtomobili idarə edənlərin sayı 5 və daha çox olarsa, ödənişə 15 faiz əlavə ediləcək.

Maşını bir neçə nəfər sürürsə, qiymət necə müəyyən edilir?

Burada “ən zəif bənd” prinsipi işləyəcək. Əgər maşını idarə edənlərdən birinin sığorta tarixçəsi pisdirsə, sığorta şirkəti qiyməti məhz həmin sürücünün yüksək əmsalına uyğun hesablayacaq.

Ehtiyatlı sürücülər nə qazanacaq?

Qəza etməyən sürücülər üçün hər il sığorta haqqında 5 faiz güzəşt nəzərdə tutulur. Bu qayda ilə sığorta haqqını minimum həddə (0.60 əmsalına) qədər endirmək mümkündür.

Taksilər və şirkət maşınları üçün nə dəyişir?

Şirkət avtomobilləri (hüquqi şəxslər) üçün əmsal sabit 1 olaraq qalır. Lakin taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri bu istisnaya daxil deyil və onlar üçün fərqli risk qiymətləndirilməsi aparılacaq.

Bu qaydalar nə vaxtdan tətbiq olunacaq?

Sürücülərin hazırlaşmaq üçün təxminən iki ay vaxtı var. Dəyişikliklər qərar dərc edildikdən 60 gün sonra tam qüvvəyə minəcək.

Yəni, yeni sistemlə birlikdə sığorta kağızı artıq sadəcə rəsmiyyət deyil, sürücünün yol mədəniyyətini göstərən bir “qiymət cədvəli” olacaq./Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki