Türkiyədə məşhur seriallarda rol alan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi ilə bağlı qalmaqal gündəmə gəlib. Gənc aktrisanın atası Ünal Çiftçi qızının 27 yaşlı aktyor həmkarı Hakan Çələbi barədə prokurorluğa şikayət edib. O, həmçinin qızının əməkdaşlıq etdiyi menecer şirkətini də qanun pozuntusunda ittiham edib.
Referans Media xəbər verir ki, Kanal D-də yayımlanan "İnci Taneleri" serialındakı Ayça obrazı ilə tanınan, daha sonra isə "Yeraltı" serialında "Mələk" rolunu canlandıran Ülkü Hilal Çiftçinin ailəsində yaşanan gərginlik hüquqi müstəviyə keçib.
İddialara görə, aktrisanın atası Ünal Çiftçi qızının "Yeraltı" serialındakı tərəf müqabili, 27 yaşlı aktyor Hakan Çələbi ilə münasibətdə olduğunu "WhatsApp" yazışmaları vasitəsilə öyrənib. Bundan sonra o, İstanbul Prokurorluğuna müraciət edərək aktyor barədə şikayət ərizəsi təqdim edib.
Ünal Çiftçi bildirib ki, qızı hələ yetkinlik yaşına çatmadığı üçün onun hüquqlarının qorunması vacibdir. O, menecer şirkətinin də valideyn razılığı olmadan qızını layihələrə cəlb etdiyini iddia edərək həmin şirkətdən də şikayətçi olduğunu açıqlayıb.
Ata ifadəsində bunları deyib: "17 yaşlı Ülkü Hilal Çiftçi adlı qızım var. O, "OnTalent" Menecerlik şirkəti ilə əməkdaşlıq edir. Lakin çəkiliş meydançasında özündən 10 yaş böyük aktyorla münasibətdə olduğunu "WhatsApp" yazışmalarında gördüm və bu vəziyyət məni ciddi narahat etdi."
O, həmçinin bildirib ki, qızının çəkildiyi layihələrlə bağlı valideyn kimi razılığı alınmalı olduğu halda, menecer şirkəti bu prosedura əməl etməyib.
Türkiyə mediasının yaydığı məlumata görə, Ünal Çiftçi ilə həyat yoldaşı Kader Çiftçi hazırda ayrılma prosesindədir. Məlumatlarda gənc aktrisanın hazırda hansı valideynin himayəsində qalacağı məsələsinin də hələ dəqiqləşmədiyi qeyd olunur.
Qeyd edək ki, xəbərdə yer alan ittihamlar şikayətçinin iddialarına əsaslanır. Məsələ ilə bağlı Hakan Çələbi və "OnTalent" Menecerlik şirkəti tərəfindən hələlik rəsmi açıqlama verilməyib və hüquqi proses davam edir.
