Türk kino sənayesinin tanınmış simalarından olan Saadet Gürses, sosial media hesabında paylaşdığı video ilə maddi çətinliklər yaşadığını açıqlayıb və izləyicilərindən dəstək istəyib. Təxminən 200 filmdə rol alan usta aktrisanın çağırışı qısa müddətdə geniş rezonans doğurub.
Referans Media xəbər verir ki, Türk kino tarixinin ən parlaq dövrlərində Türkan Şoray, Hülya Koçyiğit, Kemal Sunal və Tarık Akan kimi məşhur sənətçilərlə birgə çəkilən Saadet Gürses 35 illik karyerası ərzində yüzlərlə layihədə yer alıb. Lakin bu uzun sənət yolu ona sabit maddi təminat qazandırmayıb.
1997-ci ildə dəri xərçənginə tutulduğunu bildirən aktrisa uzun müalicə prosesindən sonra xəstəliyə qalib gəlib. Lakin sağaldıqdan sonra kino sənayesində əvvəlki kimi iş tapa bilmədiyini və bu səbəbdən ciddi maddi sıxıntılar yaşadığını qeyd edib.
Sosial mediada yayılan emosional videoda Saadet Gürses həyatın çətin tərəflərindən danışaraq bunları deyib: “İnsanları ekranlarda müxtəlif rollarla tanıyırsınız. Amma kameralar sönəndə gerçək həyat başlayır və o zaman çox vaxt yanınızda heç kim olmur.”
Maddi vəziyyətini yaxşılaşdırmaq üçün öz imkanları ilə 500 nüsxə kitab çap etdirdiyini bildirən aktrisa, bu kitabların satışına dəstək olunmasını xahiş edib. O, bu yolla həyatını davam etdirməyə çalışdığını vurğulayıb.
Saadet Gürsesin çağırışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə, Yeşilçam dövrünün sənətçilərinin sosial və maddi problemlərini yenidən gündəmə gətirib.
