Yunanıstan mətbuatı Türkiyənin müdafiə sənayesində hazırladığı yeni pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi olan "DRONDEF" barədə geniş təhlil dərc edib. Məqalədə sistemin Egey bölgəsində qüvvələr balansına təsir göstərə biləcək imkanlara malik olduğu vurğulanıb.
Referans Media xəbər verir ki, Yunanıstanın "Pentapostagma" nəşri "Egeyi təhdid edən türk qübbəsi: Yunan PUA-larını kor etməyi hədəfləyən 8 qatlı şəbəkə" başlıqlı yazısında ASELSAN tərəfindən hazırlanan "DRONDEF" sisteminin diqqətlə izlənilməli olduğunu qeyd edib.
Məlumata görə, Türkiyənin "POLADGÜNBƏZ" hava müdafiə konsepsiyasının yeni elementi hesab olunan "DRONDEF" təxminən 10 kilometr məsafəyədək hədəfləri aşkarlaya bilir. Sistem tərkibində yer alan "İHTAR", "EJDERHA" və "GÖKBERK" komponentləri mini və mikro sinif pilotsuz uçuş aparatlarına qarşı koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Yunan nəşri Türkiyənin son illərdə pilotsuz uçuş aparatları və antidron texnologiyalarına böyük sərmayələr yatırdığını, Yunanıstanın isə bu sahədə daha gec addımlar atmağa başladığını yazıb. Məqalədə ASELSAN-ın hazırladığı sistemlərin Türkiyə müdafiə sənayesinin texnoloji səviyyəsini nümayiş etdirdiyi vurğulanıb.
Xatırladılıb ki, "DRONDEF" sistemi iyunun 6-da keçirilən təqdimat mərasimində nümayiş etdirilib. Təhlildə sistemin "POLADGÜNBƏZ" layihəsinin əldə etdiyi inkişaf səviyyəsini əks etdirdiyi bildirilib.
Qeyd olunub ki, ASELSAN-ın hazırladığı İHTAR, EJDERHA və GÖKBERK sistemləri əvvəlki sınaqlarda müxtəlif ssenarilər üzrə təyin olunan hədəfləri uğurla zərərsizləşdirib. Sözügedən sistemlər Ankaradakı Gölbaşı Test Mərkəzində keçirilən nümayiş zamanı da öz imkanlarını nümayiş etdirib. Tədbirdə 19 ölkədən nümayəndə heyətləri, eləcə də yerli və xarici media təmsilçiləri iştirak ediblər.
