Avropa Mərkəzi Bankı (AMB) regionda mümkün rəqəmsal ödəniş sistemi çöküşünə qarşı vətəndaşlarına evlərində müəyyən miqdarda nağd pul saxlamalarını tövsiyə edib. İnsanların evdə nağd pul saxlaması artıq sadəcə tövsiyə deyil, “təhlükəsizlik tədbiri” hesab olunur.
Referans Media xəbər verir ki, AMB pandemiya, müharibələr və genişmiqyaslı enerji kəsintilərindən sonra rəqəmsal ödəniş infrastrukturunun istənilən an fəaliyyətini dayandıra biləcəyini vurğulayıb. Bildirilib ki, belə bir vəziyyətdə:
ATM-lər işləməyəcək,
POS terminalları fəaliyyətini dayandıracaq,
onlayn bankçılıq tamamilə çökəcək.
Buna görə, potensial sistem nasazlığı zamanı alış-veriş edə bilməyin yeganə yolunun nağd ödəniş olacağı qeyd edilib. AMB təcili vəziyyətlər üçün evdə 70–100 avro məbləğində nağd pul saxlamanın artıq bir növ “minimal təhlükəsizlik tələbi” olduğunu açıqlayıb.
Avropa ölkələri hazır vəziyyətə gətirilir. Son illərdə yaşanan böhranlardan sonra bir sıra avropa ölkələri də oxşar tədbirlər görməyə başlayıb:
Finlandiya rəqəmsal sistem nasazlıqlarına davamlı yeni nəsil ATM-lər qurmağı planlaşdırır, Hollandiya, Avstriya və İsveç vətəndaşlara evdə müəyyən miqdarda nağd pul saxlamağı tövsiyə edib. Bir çox ölkə isə ödəniş infrastrukturlarını daha dayanıqlı etmək üçün sistemlərini yenidən qurur.
AMB-nin açıqlamasına görə, məqsəd avropanın gözlənilməz fövqəladə vəziyyətlərdə də maliyyə axınını davam etdirə bilməsi və vətəndaşların əsas ehtiyaclarının təmin olunması üçün minimum təhlükəsizlik səddi yaratmaqdır.




















