Azərbaycanın yanacaq bazarında dizel və benzin qiymətlərində baş verən son artımların nəqliyyat sektoruna mümkün təsirləri müzakirə olunur. Xüsusilə taksi xidmətləri və yükdaşımaların bahalaşıb-bahalaşmayacağı ictimaiyyətdə maraq doğurur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans MEDİA-ya açıqlamasında bildirib ki, dizel yanacağının və Aİ-92 markalı benzinin qiymətində kəskin artım müşahidə olunmur.
Onun sözlərinə görə, hazırda yanacaq qiymətlərində cəmi 5–10 faiz civarında dəyişiklik var və bu artım taksi tariflərinə birbaşa təsir göstərəcək səviyyədə deyil.
Ekspert qeyd edib ki, taksi qiymətləri sabit deyil və əsasən mövsüm, hava şəraiti və bazardakı tələbdən asılı olaraq formalaşır:
“Tələb az olduqda qiymətlər enir, tələb artdıqda isə tariflər yüksəlir.”
Eldəniz Cəfərov əlavə edib ki, hazırda taksi parkında istifadə olunan avtomobillərin böyük əksəriyyəti hibrid nəqliyyat vasitələridir və bu da yanacağa ciddi qənaət etməyə imkan verir.
Ekspertin fikrincə, mövcud qiymət artımı fonunda taksi xidmətlərində bahalaşma gözlənilmir.
Gülnaz Abdullazadə























