Bu içki qaraciyəri yormur - Əksinə, QORUYURMUŞ

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir.

Referans Media  bu barədə Medipol Sağlamlıq Qrupuna istinadən xəbər verir.⁠

Türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birində qaraciyər yağlanması müşahidə olunur. Qaraciyər yağlanması nəzarətsiz qaldıqda metabolik sindrom, diabet, sirroz və qaraciyər xərçəngi kimi ciddi xəstəliklərə yol aça bilər.

Mütəxəssisin qeyd etdiyi araşdırmalara əsasən, gündə 3-4 fincan qəhvə qəbul edən insanlarda qaraciyər fermentləri olan AST, ALT və GGT göstəricilərinin aşağı düşdüyü, qaraciyər sərtliyinin azaldığı, sirroz və qaraciyər xərçəngi riskinin isə aşağı düşə bildiyi müşahidə olunub.

Qəhvənin bu təsirində antioksidant xüsusiyyətləri və qaraciyərdə detoksifikasiya proseslərində iştirak edən fermentlərə təsiri rol oynaya bilər.

Qəhvənin tərkibində kofeinlə yanaşı kafestol, kahveol və xlorogen turşu kimi çoxsaylı maddələr var. Mütəxəssis xlorogen turşunun antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu bildirir.

Məlumata görə, qəhvənin tərkibində B qrup vitaminləri, kalium, maqnezium, manqan və sink kimi müxtəlif vitamin və minerallar da mövcuddur.

Mütəxəssis qəhvənin faydasının miqdarından asılı olduğunu vurğulayır. Avropa və ABŞ qida qaydalarında sağlam yetkinlər üçün gündəlik kofein qəbulunun 400 mq-dan çox olmaması tövsiyə edilir.

Həddindən artıq kofein qəbulu ürəkdöyünmə, təzyiq yüksəlməsi, əllərdə titrəmə, baş ağrısı, narahatlıq, əsəbilik və mədə ağrısına səbəb ola bilər. Axşam saatlarında qəhvə içmək isə yuxu problemləri yarada bilər.

Mənbədə həmçinin gündə 2-3 fincan qəhvənin Parkinson və Alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərə biləcəyinə dair araşdırmaların olduğu qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki