“Ermənistanın yeni konstitusiyasının layihəsi növbəti həftə ərzində ictimaiyyətə təqdim ediləcək. Bu prosesdən sonra müvafiq dinləmələrin və müzakirələrin keçirilməsi planlaşdırılır, daha sonra sənəd baxılması üçün parlamentə göndəriləcək”.
Referans Media-ın məlumatına görə, Ermənistanın “Johovurd” qəzeti bu barədə məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu yaxınlarda verdiyi açıqlamada konstitusiyanın yeni mətninin noyabr ayında dərc olunacağını demişdi. Nəhayət, ötən həftə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiya layihəsinin gələn həftə ictimiaiyyətə təqdim olunacağını bildirdi.
Srbuhi Qalyan Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqllik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın sənəddən çıxarılacağına dair açıqlama vermişdi.
Konstitusiyanın yeni mətnindən preambulanın çıxarılacağına dair məlumatın yayılması cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyinə dair müzakirələrə yol açıb. Lakin konstitusiyanın mətninin dərci sülh müqaviləsinin imzalanmasına əsas yaratmır. Çünki ümumxalq səsverməsi keçirilməli və yeni konstitusiyanın mətni parlament və prezident tərəfindən təsdiqlənməlidir. Yəni ali hüquqi sənəd qüvvəyə mindikdən sonra sülh müqaviləsi imzalana bilər.
Qeyd edək ki, Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə konstitusion çoxluğa malik olmadığına görə ali hüquqi sənədin layihəsinin referenduma çıxarılması mübahisəli olaraq qalır. Ermənistanın Baş naziri bu məsələdə ciddi hüquqi maneə ilə üzləşdiyini əsas gətirərək yeni konstitusiyanın qəbuluna nail olmaq üçün hətta istefa verəcəyini belə dilə gətirib.
Amma Ermənistan Konstitusiyasının 2020-ci maddəsinin 3-cü bəndinə nəzər saldıqda, referendum keçirməyin hakim partiya üçün mümkünsüz olmadığını görmək olar. Orada qeyd edilir ki, əgər parlament konstitusiyaya dəyişikliklər layihəsini qəbul etməzsə, bu halda həmin sənəd deputatların ümumi sayının ən azı beşdə üçünün səs çoxluğu ilə qəbul edilməklə referenduma çıxarıla bilər.
Yəni Paşinyanın təqdim etdiyi konstitusiya layihəsi üçdə iki səs çoxluğu ilə geri qaytarılsa, o zaman Ermənistan hökuməti yenidən məsələni deputatların müzakirəsinə təqdim edə bilər. Bu zaman artıüq sadə səs çoxluğundan istifadə ediləcək. Yəni Ermənistan parlamentinin 105 deputatının 63 nəfəri konstitusiya layihəsini referenduma çıxaracaq. “Vətəndaş Müqaviləsi” fraksiyasının parlamentdə 64 yerə malik olduğunu nəzərə alsaq, layihəni referenduma çıxartmaq Paşinyan üçün çətin olmayacaq.
Ona görə də konstitusion çoxluğun əsas problem olması barədə deyilənlər Ermənistan hakimiyyəti tərəfindən vaxt qazanmaq və prosesi 2027-2028-ci illərə qədər təxirə salmağa xidmət edir.Çünki Nikol Paşinyan Avropa İttifaqına üzvlük məsələsini perspektivdə yeni konsttitusiyaya daxil etmək niyyətindədir.
Lakin Rusiyanın hazırkı təzyiqləri fonunda bu real görünmədiyindən referendumu ləngitməyə üstünlük verir./“Cebheinfo.az”/
