image-43a6f7a3e178670ccae60dadb6136670backend

Kür çayı ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Kür çayında su səviyyəsinin qalxması son günlər bir sıra bölgələrdə narahatlıq yaradıb. Xüsusilə İmişli rayonunun bəzi kəndlərində pay və bələdiyyə torpaqlarının su altında qalması yerli əhali üçün ciddi problemlərə səbəb olub. Bu cür hallar bölgədə həm kənd təsərrüfatına, həm də insanların gündəlik həyatına birbaşa təsir göstərir.

Kür çayında suyun səviyyəsinin dəyişməsi yeni hadisə deyil və hər il mövsümi yağıntılar, qar əriməsi, eləcə də su anbarlarından buraxılan su həcmi bu prosesə təsir edir. Lakin suyun bu dəfə daha geniş ərazilərə yayılması “Kürün səviyyəsi daha da qalxa bilərmi?” sualını aktuallaşdırır.

 

Referans Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Kür çayının hidrologiyasına görə, yaz aylarında daşması normal hadisədir:

“Çünki əsasən qar və qismən də yağış suları ilə qidalanan Kür hövzəsində ilin bu dövründə həm intensiv yağışlar başlayır, həm də dağlıq ərazilərdə qarın ərimə prosesi sürətlənir. Qış aylarında toplanan qar yazda əriməyə başlayır və nəticədə çayda suyun səviyyəsi yüksəlir. Bu isə təbii və gözlənilən bir prosesdir. Normal olmayan isə son 10 ildə Kür çayında bu qədər güclü daşqınların nisbətən azalması idi. Bunun səbəbi iqlim dəyişmələri, Kürün ümumi su həcminin azalması və çaydan su götürmələrin artması ilə izah olunurdu. Lakin bu il yağıntıların çox olması ilə yanaşı su ehtiyatlarının da artması Kürdə yenidən daşqınların baş verməsinə səbəb oldu.

Tarixə baxdıqda Kür çayında müxtəlif illərdə güclü daşqınlar qeydə alınıb. Məsələn, 1790-cı illər, 1910-cu illər, 1940–1950-ci illər, 1969-cu il kimi dövrlərdə çayda ciddi daşqın hadisələri olub. Sonrakı illərdə də – 1995, 2000 və 2010-cu illərdə müəyyən səviyyədə daşqınlar müşahidə edilib.

Son illərdə bu hadisələrin azalması sahilyanı ərazilərdə yaşayan insanlarda bir qədər arxayınlıq yaratmışdı. Hətta bəzilərində belə fikir formalaşmışdı ki, Kür artıq əvvəlki kimi daşmayacaq. Amma təbiət prosesləri göstərir ki, bu yanaşma düzgün deyil – su gələn arxdan yenə də su gələ bilər və Kür yenidən daşqın yarada bilər”.

Rövşən Abbasov qeyd edib ki, Kür çayı boyunca, xüsusilə Salyan, Neftçala, Sabirabad, Zərdab və Kürdəmir rayonlarında bəndlər mövcuddur. Bu bəndlərin möhkəmləndirilməsi və daim nəzarətdə saxlanması vacibdir:

“Eyni zamanda çayın aşağı axın hissəsində kanalların bərpası və suyun düzgün idarə olunması da önəmlidir. Ümumilikdə, Kürün daşması qeyri-adi yox, təbii bir prosesdir. Çay gələcəkdə də daşqınlar yarada bilər. Buna görə də əsas məsələ bu prosesə hazır olmaq, su təsərrüfatını düzgün idarə etmək və riskləri minimuma endirməkdir”.

 

Ekoloq Ənvər Əliyev isə deyib ki, bu vəziyyətdən qorunmaq üçün Kür və Araz çayı üzərində su təsərrüfatı qurğuları mövcuddur:

“Araz çayı üzərində üç böyük su qovşağı var. Kür çayı üzərində də Mingəçevir su anbarı və Şəmkir su anbarı kimi böyük sistemlər var. Bunlar suyun tənzimlənməsi üçün çox vacibdir. Bəzi çaylar, məsələn, Araz, Kür, Göyçay və Qoşqarçay sel, daşqın vaxtı suyun axınını artırır. Ona görə də su anbarlarının əsas məqsədi bu suları nizamlamaqdır ki, güclü yağışlar və daşqınlar zamanı əhali və kənd təsərrüfatı zərər görməsin. Yəni su ehtiyatı təbiətin verdiyi bir nemətdir, amma onun düzgün idarə olunması çox vacibdir. Əks halda həm daşqın, həm də quraqlıq dövrlərində ciddi problemlər yarana bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki