Repetitor hazırlıqları artıq bir neçə onillikdir ki, mövcuddur: tədris sistemi, məktəb strukturu, maaş ödənişi dəyişdi, amma repetitorluq daha dirəncli çıxdı. Günümüzdə isə süni intellektin demək olar ki, bütün ixtisas sahələrini üstələməsi ilə yavaş-yavaş peşələr öz yerlərini texnologiyanın bu son kəşfinə verməli olurlar. Son zamanlarda “qara bulud” repetitorluğun başının üstünü alıb.
Bu günlərdə yeni süni repetitor platforması təqdim olundu. Süni repetitor istifadəçini test edir, sonra onun bilik səviyyəsini uyğun tədris planı hazırlayır. Şagird çətinlik çəkərsə “müəllim”dən yardım ala, sual verə bilər. Bu cür platformalardan sonra istər-istəməz sual yaranır:
Artıq canlı repetitorlar estafeti əldən verir?
Referans Media xəbər verir ki ,Təhsil üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya bildirib ki, süni intellekt bir çox sahələrdə faydalı olsa da, hələ də həm dünyada, həm Azərbaycanda insanların verdiyi töhfəni əvəzləyə bilmir.
“Sənayedə tətbiqi fayda verir, amma elmi sahələrdə istifadəsi arzuolunan nəticələrə gətirib çıxara bilmədi. Artıq alimlərin əksəriyyəti tərəfindən qəbul olunmur. “Robot repetitor” praktik olaraq Azərbaycan mühiti üçün mümkün deyil. Müəyyən qədər istifadə oluna bilər, amma canlı repetitoru tarixə qovuşdura bilməyəcək. Repetitorluğun tarixə qovuşması üçün bir mexanizm, bir cəhd lazımdır ki, o da Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisəsinə qəbulun sadələşdirməsindən keçir. Yəni, süni intellektin elmə bu qədər tətbiqi, elə də ürəkaçan nəticə verməyəcək”.
Mütəxəssis vurğulayıb ki, süni intellekt daha çox yeniyetmələr, gənclər arasında üstünlük verilir. Təəssüf ki, bu da kütləvi tənbəllik və savadsızlığa gətirib çıxarır.
“İndi şagirdlərin daha çox istifadə elədiyi ChatGPT imkanları uşaqlarımızın həm savadsızlığa, həm robotlaşmaya, həm də düşünməkdən uzaqlaşdırmağa hesablanıb. Təsəvvür eləyin, 5-10 il sonra yaxşı düşünən, beyin işlədən peşəkarlar qalmayacaq”.




















