image-8b4add25-4c32-4849-bd56-16896f15ebe5backend

RÖYANIN QIRMIZI XALILARI -Röyanı ATV kanalına bu şəkildə kim buraxıb?

Xalq artisti Röya Ayxanın “Azad Azərbaycan” (ATV) Televiziyasının ərazisinə kortejlə, baykerlərin müşayiəti ilə gəlməsi, pilləkənlərin üzərinə salınmış qırmızı xalının üstündən keçib binaya daxil olması cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bu davranışa görə müğənni ilə yanaşı ATV-nin rəhbəri Azər Xəlilov da qınanıb. Çünki onun razılığı olmadan bu “ssenari”ni heç kim həyata keçirdə bilməzdi. Bu media subyekti onsuz da şou əhli üçün açıq bazara çevrilib. ATV efirində performans adı ilə sənətçilərin ağıllarına nə gəldi danışmaları, milli-mənəvi dəyərlərə zidd hərəkətləri, dava-dalaşları tamaşaçını bezdirib. İndi isə bir müğənninin bu cür qarşılamaqla görəsən nə demək istəyirlər? İfaçının dövlət titulu varsa, o televiziya binasının həyətinə kortejlə daxil olub içəri təmtəraqla girməlidir? Belədirsə, onda ATV-də digər xalq artistləri niyə belə qarşılanmır? Bu nə ayrıseçkilik, nə oyunbazlıqdır? Hərdən ATV efirindəki bəzi verilişlərə hansısa müğənninin sifarişi ilə başqa qonaq çağırmırlar. Elə bil bir müğənni həmin gün studiyanı icarəyə götürüb öz dediyini diktə edir. Bu isə necə deyərlər, lap ağ oldu.

Röyalənin ötən ilin may ayında Kann Film Festivalı keçirilən ərazidə qırmızı xalı üzərində şəkillər, video çəkdirib sosial şəbəkələrdə yayması yadıma düşdü. O vaxt tanınmış kinoşünas Ayaz Salayev demişdi ki, istənilən şəxs həmin festivala qatıla bilər: “Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Röya Ayxan həmin vaxt orada “I Success Top 100 Awards Gala” tədbirində iştirak etmiş və “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmuşdu. Ayaz Salayev bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi. Röya isə bunun cavabında kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevə göndərdiyi videomüraciətdə onu təhqir etmişdi. Çox təəssüf ki, o vaxt Mədəniyyət Nazirliyi, digər aidiyyatı olan dövlət təşkilatları bu məsələyə laqeyd qalıb müğənninin xalq artistinə yaraşmayan davranışının, sözlərinin qabağında heç nə demədilər. İctimaiyyət də buna susdu. O da yəqin güclü olduğunu zənn edib indi belə hərəkətlərə yol verir. Hətta Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə də öz gücünü göstərə bilir. Onun müşayiəti ilə rayon ərazisindəki dövlət müəssisələrinə idman formasında girir, Ulu Öndərin abidəsi önündə həmin geyimdə durur. Görəsən kimsə ona dayan deyə biləcək?

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki