“Geniş Ailə” serialında canlandırdığı Cevahir obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan məşhur aktyor Ufuk Özkan yenidən xəstəxanaya yerləşdirilib. Bir müddətdir qaraciyər çatışmazlığı səbəbilə müalicə alan aktyorun səhhətində yenidən problem yarandığı bildirilir.
Referans Media xəbər verir ki, Ufuk Özkan ötən aylarda evində halı pisləşdikdən sonra təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılmış, bir neçə gün reanimasiya şöbəsində müalicə olunduqdan sonra evə buraxılmışdı. Aktyorun səhhətindəki problemlərin yenidən kəskinləşməsi səbəbilə həkimlər onu təkrar nəzarət altına alıblar.
Ufuk Özkan daha əvvəl səhhəti ilə bağlı açıqlamasında bildirib ki, istifadə etdiyi dərmanların yan təsirləri nəticəsində bədənində ləkələr yaranıb və güclü ürəkbulanma yaşayıb: “Zəng edən, halımı soruşan hər kəsə təşəkkür edirəm. Sevginizi bütün varlığımla hiss etdim. İstifadə etdiyim dərmanın yan təsiri səbəbilə bədənimdə ləkələr əmələ gəldi və şiddətli ürəkbulanma yaşadım. Risk qrupunda olduğum üçün həkimlər məni nəzarət altında saxlamaq istədi. Hazırda özümü yaxşı hiss edirəm.”
Müalicəsi davam edən aktyor qaraciyər köçürülməsi üçün növbə gözləyir. Daha əvvəl həkim heyətindən mənfi rəy alan Özkanın yaşadığı çətin prosesi qardaşı Umut Özkan belə izah edib: “Qardaşımın qaraciyər transplantasiyası prosesi çox ağrılı oldu. Konya şəhərində çəkiliş zamanı çalışan gənc bir işıqçı könüllü olaraq qaraciyərini vermək istədi, hətta başqa könüllülər də tapıldı. Lakin bütün səmimi müraciətlərə baxmayaraq heyət transplantasiyaya icazə vermədi. Bu vəziyyət qardaşımı çox sarsıtdı. Ona istirahət etməyi tövsiyə etsəm də, maddi öhdəliklərini yerinə yetirmək üçün işləməyə davam etmək istədi.”
Aktyorun hazırkı vəziyyəti ilə bağlı rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.























