Rusiya rəsmisi: “Azərbaycan düşməndir” – BİZİM CAVAB backend

Rusiya rəsmisi: “Azərbaycan düşməndir” – BİZİM CAVAB 

Musavat.com xəbər verir ki, Rusiya Milli Korrupsiyaya Qarşı Komitəsinin rəhbəri Kirill Kabanov Azərbaycanı “etibarsız müttəfiq” adlandırıb və ölkəmizə qarşı təxribat xarakterli iddialar irəli sürüb.

Kabanovun bu çıxışı həm diplomatik etika baxımından qəbuledilməzdir, həm də Rusiya-Azərbaycan münasibətlərində süni gərginlik yaratmaq cəhdidir.

Rusiya rəsmisinin Azərbaycanı necə “düşmən” göstərdiyini öz sözləri ilə təqdim edirik:

“Son aylarda Azərbaycan bir sıra düşmən addımlar atıb — diplomatik hücumlardan tutmuş Bakıda Rusiya agentliyi Sputnik-in ofisinə hücuma qədər. Bu fonda Rusiya Azərbaycan diasporaları ilə əlaqəli cinayətkar strukturların nümayəndələrini saxlamaya başlayıb. Bu ölkə və onun rəhbərliyi açıq şəkildə düşmənlərimizi dəstəkləyir, antirusiya mövqe tutur və ilk növbədə London və Ankara tərəfindən idarə olunan antirusiya sisteminin bir hissəsidir”, – deyə Kabanov bildirib.

MUSAVAT.COM -un CAVABI
Əvvəlcə qeyd etməliyik ki, Azərbaycan suveren və müstəqil dövlətdir. Heç bir xarici gücün diktəsi ilə hərəkət etmir. Əgər hansısa gücün təsiri altında olsaydı, yəqin ki, ilk növbədə Rusiyanın diktəsinə tabe olardı. O Rusiyanın ki, 2024-cü ilin 25 dekabrında Azərbaycanın mülki sərnişin təyyarəsini raketlə vuraraq 67 nəfərdən 38-nin həyatına son qoydu.

Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Bu cinayət hadisəsinin məsuliyyəti Rusiya tərəfi tərəfindən rəsmən qəbul edilməyib. Əvəzində Moskva faktları ört-basdır etməyə çalışır və məsuliyyəti Ukraynanın üzərinə atmağa cəhd edir. Azərbaycan isə beynəlxalq hüquqa uyğun şəkildə cavab tələb edir, ədalət istəyir. Haqqımızı tələb etdiyimiz üçün isə indi bizi “düşmən” adlandırırlar.

Əksinə, diasporamıza qarşı düşmən mövqe tutan məhz Rusiyadır. Son aylar ərzində Rusiya Federasiyasında Azərbaycan diasporasına qarşı sistemli təzyiqlər həyata keçirilir. Kreml Azərbaycanın diaspor təşkilatlarını əzməyə, onların liderlərini həbs etməyə, nüfuzlu şəxsləri ya təhdid etməyə, ya da fiziki olaraq aradan götürməyə çalışır.

Ən son misal – Ural bölgəsinin azərbaycanlı diaspor lideri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin həbs olunması və atasının axtarışa verilməsidir. Ondan əvvəl isə Səfərov qardaşları – Rusiyadakı nüfuzlu azərbaycanlı diaspor nümayəndələri qətlə yetirilib. Bu cinayətlər də ört-basdır edilir.

Belə bir fonda Kabanovun “Azərbaycan düşmən mövqe tutur” iddiası həm riyakarlıqdır, həm həyasızlıqdır.

Azərbaycan heç zaman Rusiyanın düşməni olmayıb. Amma belə davam edərsə, Azərbaycan xalqı artıq Rusiya ilə münasibətləri tamamilə yenidən dəyərləndirəcək. Azərbaycan dövləti öz informasiya təhlükəsizliyini, diplomatik toxunulmazlığını və vətəndaşlarının hüquqlarını qorumaq üçün istənilən addımı atmaq hüququna sahibdir.

Sputnik Azərbaycan ofisinə dair məsələ isə ölkənin daxili qanunvericiliyi çərçivəsində qiymətləndirilib. İstintaq beynəlxalq hüquqa və normalara uyğun şəkildə aparılır. Rusiyanın bu məsələdən “siyasi məzmunlu bəhanə” düzəltməsi isə başqa məqsədlərə xidmət edir.

Rusiyanın başlatdığı soyuq müharibənin gedişində Azərbaycan Prezident İlham Əliyevin 19 iyul tarixində Xankəndidə verdiyi sərt, amma təmkinli bəyanat diqqətə alınmalıdır. Prezident çıxışında Rusiya tərəfindən vurulan təyyarə ilə bağlı məsələyə açıq şəkildə toxundu və burada yalnız Moskvanın məsuliyyət daşıdığını bildirdi. O qeyd etdi ki, Azərbaycan bu hadisəyə dair sübutlara malikdir və məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır:

“Biz tam bilirik nə baş verib və sübut edəcəyik. Standart tələblər irəli sürmüşük: etiraf, üzr, kompensasiya və gələcəkdə bu cür hallar baş verməməsi üçün öhdəliklər. Bu, beynəlxalq təcrübədə normal yanaşmadır. Amma cavab əvəzinə susqunluq və kobud davranış görürük.”

Bu, Prezident səviyyəsində verilmiş təmkinli, kifayət qədər sərt və açıq mesajlardan biri idi. Rusiya cavab vermək əvəzinə, indi Kirill Kabanov kimi fiqurlar vasitəsilə Azərbaycanı hədəfə almağa çalışır. Bu isə açıq-aşkar diplomatik ədəb-ərkanın pozulmasıdır.

Kreml unutmamalıdır ki, Azərbaycan dövlətinin səbrinin də həddi var. Bizi dost və müttəfiq bilmək istəyən hər kəs, ilk növbədə öz davranışına və sözlərinə diqqət etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki