Bahalı ətir həvəskarlarını narahat edəcək xəbər yayılıb. Bahalı brendlərin ucuz “tester” adı ilə satılan saxta versiyalarının tərkibində at sidiyi, antifriz və ağır metallar kimi son dərəcə təhlükəli maddələr aşkar edilib. Heç bir nəzarət olmadan, qeyri-qanuni laboratoriyalarda istehsal olunan bu məhsullar dərini məhv etməklə yanaşı, daxili orqanlara da ciddi zərər vura bilər.
Referans Media milli.az-a istinadən xəbər verir ki, aparılan analizlər saxta ətir sektorunun dəhşətli üzünü ortaya çıxarıb. Məlum olub ki, fırıldaqçılar qoxunun qalıcılığını artırmaq və ph balansını tənzimləmək üçün ən ucuz vasitə kimi məhz at sidiyindən istifadə edirlər. Bundan əlavə, tərkibdə avtomobillərdə istifadə olunan antifriz və metanol, həmçinin şiddətli allergik reaksiyalara və qalıcı dəri xəstəliklərinə yol açan ağır metallar da tapılıb. Bu maddələr dəri vasitəsilə birbaşa qana keçərək orqanizmi zəhərləyir.
Mütəxəssislər istehlakçıları saxta ətirləri fərqləndirməyə çağırır. Əgər rəsmi mağazada 500 manat olan ətir hər hansı saytda cəmi 50 manata təklif olunursa, bu, onun 100% saxta olduğunun göstəricisidir. Qablaşdırma üzərindəki kiçik hərf səhvləri, keyfiyyətsiz çap və “qutusuz”, “yalnız tester” kimi bəhanələr də saxtakarlıqdan xəbər verir.
Sağlamlığı təhlükəyə atmadan gözəl qoxmağın yolları da var. Məşhur geyim brendlərinin dünyaca tanınmış ətriyyatçılarla əməkdaşlıq edərək istehsal etdiyi, laboratoriya nəzarətindən keçmiş büdcə dostu ətirlər və ya tərkibinə zəmanət verən etibarlı yerli “oxşar ətir” evlərinin məhsulları saxta ətirlərdən qat-qat təhlükəsizdir. Bahalı markanın zəhərli nüsxəsini almaqdansa, lisenziyalı və münasib qiymətə olan, öz kimliyi olan ətirlərə üstünlük vermək həm dərini, həm də büdcəni qoruyur.























