backend

Səfərbərlik Xidmətində Yeni Dövr: İslahatlar, şəffaflıq və azalan yayınma halları

Son iki ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində müşahidə olunan dəyişikliklər cəmiyyətin diqqətindən yayınmır. Bir zamanlar bu qurumla bağlı ən çox səslənən iradlar — korrupsiya, şəffaflığın olmaması və qeyri-rəsmi razılaşmalar — artıq tədricən aradan qalxmaqdadır.

Referans Media xəbər verir ki, “Valideyn–əməkdaş–həkim” üçbucağında illərlə mövcud olan korrupsiya əlaqələrinin qırılması xidmətin ən böyük nailiyyətlərindən biri hesab olunur. İslahatların nəticəsi olaraq, əvvəllər müxtəlif yollarla hərbi xidmətdən yayınan minlərlə çağırışçı bu gün artıq ordu sıralarında xidmət edir və ya xidmətini başa vurub. Bu, həm bərabərlik prinsipinin təmin olunmasına, həm də çağırış prosesinə olan ictimai etimadın artmasına səbəb olub.

Xidmətin qarşısında duran əsas hədəflərdən biri isə kütləvi rəqəmsallaşmadır. Rejimləşmə, qeydiyyat və sənədləşmə proseslərinin elektron məkana daşınması geniş miqyaslı iş tələb etsə də, vətəndaşlara böyük rahatlıq gətirəcək. Artıq bir çox məlumatı onlayn şəkildə əldə etmək mümkündür və yeni platformaların tətbiqi ilə bu imkanlar genişlənəcək.

Səfərbərlik Xidməti son dövrlər vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinə də xüsusi önəm verir. Qaynar xəttin aktivləşdirilməsi, şikayət və müraciətlərin operativ araşdırılması xidmətin prioritet istiqamətlərindəndir. Bu, vətəndaş-məmur münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir.

Ən diqqətçəkən yeniliklərdən biri tibbi müayinələrin çoxpilləli sistemə keçməsidir. Əgər bir vaxtlar hərbi xidmətdən yayınmaq üçün yalnız Səfərbərlik Xidmətində “saxta rəy” almaq kifayət edirdisə, indi bu proses tamamilə dəyişib. Sağlamlıqla bağlı qərarın verilməsi üçün çağırışçı:
• Rayon Hərbi Komissiyasında,
• Mərkəzi Hərbi Tibbi Komissiyada,
• və nəhayət Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyin də müayinədən keçməlidir. Bu sistem saxta arayışların alınmasını faktiki olaraq mümkünsüz edib.

Korrupsiya ilə mübarizə yalnız çağırışçılarla məhdudlaşmır. Xidmətin öz əməkdaşları arasında da araşdırmalar aparılır, pozuntuya yol verənlər cəzalandırılır. Ən maraqlı məqam isə budur ki, bu halların böyük hissəsi artıq xidmətin öz daxilində aşkarlanır — bu, əvvəllər demək olar ki, müşahidə olunmayan bir təcrübə idi.

Bir sözlə, Səfərbərlik Xidmətində aparılan islahatlar təsdiq edir ki, sistem dəyişib. Korrupsiya çərçivəsi daralıb, şəffaflıq artıb, yayınma halları isə kəskin aşağı düşüb. Vətəndaşların ən çox vurğuladığı məqam isə budur: “Artıq əvvəlki illər deyil.” – deyə Hərbi ekspert Ədalət Verdiyev əlavə etmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki