Bakı metropolitenində sərnişinlərin maraqla gözlədiyi məsələlərdən biri olan Həzi Aslanov stansiyasında bənövşəyi xətt üzrə qatarların hərəkətinin bərpası ilə bağlı rəsmi açıqlama verilib.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans Media-ya açıqlamasında bildirib ki, sözügedən istiqamətdə aparılan işlərin 2026-cı ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri birbaşa stansiyanın özündə deyil, stansiyanın dalan hissəsində aparılır. Metropoliten terminologiyasında “dönmə kamerası” adlanan bu sahə qatarların baxışdan keçirildiyi, texniki qulluq göstərildiyi və qatarın dönərək geri qayıtdığı hissədir.
Bəxtiyar Məmmədov qeyd edib ki, həmin dalanda aparılan işlər 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq, bundan sonra isə Həzi Aslanov stansiyası üzrə bənövşəyi xəttdə hərəkətin bərpası mümkün olacaq.
Gülnaz Abdullazadə.























