Paytaxt bazarlarında yazın ən çox gözlənilən meyvələrindən olan alça yenə yüksək qiymətlərlə satışa çıxarılıb.
Referans Media İTV-yə istinadən xəbər verir ki, alçanın 84 qramı 7 manata satılır. Həmin qabın içində isə cəmi beş alça var.
Bazarda alçanın bir kiloqramı 100 manata təklif olunur. Satıcılar buna səbəb kimi məhsulun azlığını və becərilməsinə çəkilən yüksək xərcləri göstərirlər.
Satıcıların sözlərinə görə, hazırda satış zəifdir. Əksər alıcılar alçanı kilo ilə deyil, qablarla alırlar. Bəzi qablarda səkkiz-doqquz ədəd alça olur və onlar 10 manata satılır. Məhsulun Göyçay, Şəmkir və digər rayonlardan gətirildiyi bildirilir.
Alıcılar isə bildirirlər ki, qiymətlər baha olsa da, bəzən evdə uşaq, xəstə və ya hamilə qadın olduğu üçün bu meyvəni almağa məcbur olurlar. Bəziləri isə qiymətlərin mövsüm yaxınlaşdıqca ucuzlaşacağını düşünərək gözləməyə üstünlük verirlər.
Kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib ki, meyvələrin bazara daha tez çıxarılması üçün müxtəlif aqrotexniki üsullardan istifadə olunur. Bu üsullar məhsulun daha tez yetişməsinə kömək edir və təhlükəsiz hesab olunur.
Onun sözlərinə görə, bəzi hallarda hormonal maddələrdən və etanol qazından istifadə edilir. Həmin qaz istixana şəraitində yetişdirilən ağacların ətrafına verilir və meyvələrin vaxtından əvvəl yetişməsinə şərait yaradır. Lakin bu maddələr normadan artıq istifadə edilərsə, zərərli ola bilər.























