Suraxanıda 17 yaşlı oğlanın intiharı dəhşətli cinayətlərin üstünü açdı- Manyak qonşu tərəfindən zorlanıbmış   backend

Suraxanıda 17 yaşlı oğlanın intiharı dəhşətli cinayətlərin üstünü açdı- Manyak qonşu tərəfindən zorlanıbmış   

  Suraxanı rayonu, Hövsan qəsəbəsində 17 yaşlı oğlanın özünü asaraq intihar etməsi dəhşətli cinayətlərin üstünü açıb. Mərhumun qonşuları 55 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Bir neçə ildir cinsi zorakılığa məruz qalan oğlan çıxış yolunu özünü öldürməkdə görüb. Mərhumun ölümündən sonra hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaların nəticəsində dəhşətli cinayətin üstü açılıb.

Məlum olub ki, qonşuluqda yaşan 1969-cu il təvəllüdlü M.Ağayev 2021-ci ildən etibarən həmin oğlanı həyətlərindəki işlərdə kömək etmək adı ilə evlərinə çağırırmış. Hələ o zaman 14 yaşı tamam olmayan oğlan uşağına qarşı əxlaqsız hərəkətlər edən M.Ağayev bundan sonra ona hədə-qorxu gəlməyə başlayıb. Uşaqdan bu barədə heç kimə məlumat verməməyi tələb edib. Əks halda onu biabır edəcəyini bildirib.

Araşdırmalar zamanı M.Ağayevin qonşuluqdakı başqa bir oğlan uşağına qarşı da eyni əməlləri törətdiyi müəyyən edilib. Həmin oğlan uşağı- Ülvi (ad şərtidir) isə 2008-ci il təvəllüdlü olub. Ülvinin ifadəsindən də dəhşətli məqamlar üzə çıxıb. Ülvi deyib ki, 11 yaşından etibarən M.Ağayev tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu zorakılıq 6 ildən çox davam edib.

Şahid ifadələrində diqqət çəkən detallardan biri isə qonşuların M.Ağayevin uşaqlara qarşı zorakılıq hərəkətləri etməsi ilə bağlı söz-söhbətlərdən xəbərdar olmasıdır. Onların bəzilərinin ifadəsindən məlum olub ki, bu haqda eşitsələr də heç kim hüquq-mühafizə orqanlarına müraciət etməyib.

M.Ağayevin əxlaqsız hərəkətlərindən çıxış yolunu özünü öldürməkdə tapan oğlanın ailə üzvlərinin ifadəsindən isə məlum olub ki, övladları son zamanlar özünə qapalı, kədərli və kefsiz olub. Səbəbi barədə isə heç kimlə danışmayıb.

M.Ağayevin iki nəfərə qarşı onların köməksiz vəziyyətindən istifadə edərək uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etməsi, onları rüsvay edəcəyi hədəsi ilə özündən asılı vəziyyətə salıb, şərəf və ləyaqətlərini mütəmadi olaraq alçaldaraq dəfələrlə uşaqbazlığa və ya seksual xarakterli hərəkətlərə məcbur etməsi sübuta yetirilib.

İstintaq orqanı tərəfindən 17 yaşlı oğlanın məhz M.Ağayevin zorakılıq hərəkətlərinin nəticəsi olaraq özünü öldürmə həddinə çatması tam sübuta yetirilib.

Şahid ifadələri zamanı M.Ağayevin uşaqlara qarşı zorakılıq hərəkətlərini təsdiq edənlər olub. Həmçinin zərərçəkmiş Ülvi ifadəsində M.Ağayevin dəhşətli əməllərini detallı şəkildə danışıb. Həmçinin o, mərhumun da M.Ağayev tərəfindən cinsiz zorakılığa məruz qalmasına birbaşa şahidlik etdiyini söyləyib. Deyib ki, M.Ağayevin həyətlərindəki tikilidə mərhuma qarşı zor tətbiq etdiyinə, onunla münasibətdə olmasına şahidlik edib.

Ülvi ifadəsinin sonunda M.Ağayevə ağır cəza verilməsini məhkəmədən xahiş edib.

M.Ağayevin telefonuna baxış keçirilən zaman zərərçəkmiş Ülvinin mobil nömrəsini “Malış” kimi qeyd etdiyi müəyyən edilib. Həmçinin M.Ağayevin yazışmalar zamanı “Malış”a seksual xarakterli hərəkətlər etmək və qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün pul ödəyəcəyi barədə mesajlar yazdığı da aşkar edilib.

Araşdırmalar zamanı intihar edən oğlanın meyiti müayinə edilib. Meyitdə aşkar edilən əlamətlərə əsasən onunla qeyri-təbii yolla cinsi əlaqədə olması müəyyən edilib.

Ekspert rəyinə əsasən onun intihardan əvvəlki dövrdə yaranmış psixi-emosional vəziyyətində sıxıntı, narahatlıq, gərginlik, bezikmə, çıxılmazlıq kimi hallar M.Ağayevin onunla cinsi əlaqədə olması, ona hədə-qorxu gəlməsi, ondan əl çəkməməsi ilə şərtləşə bilər və nəticədə özünə qəsd edə bilərdi.

M.Ağayev ifadəsində özünü təqsirli bilmədiyini desə də məhkəmə belə qənaətə gəlib ki, onun əməlləri ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Buna görə də M.Ağayev törtədiyi dəhşətli əmələ görə ağır cəza alıb. Məhkəmənin hökmü ilə M.Ağayev 20 il müddətinə azadlıqdan məhrum edilib.

M.Ağayev özü üçün aşkar surətdə on dörd yaşına çatmamış şəxsin köməksiz vəziyyətindən istifadə edərək uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə, təkrar uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə, zorakılıq etdiyi şəxsləri rüsvay edəcəyi hədəsi ilə onları özündən asılı vəziyyətə salıb şərəf və ləyaqətini mütəmadi olaraq alçaldaraq dəfələrlə uşaqbazlıq və ya seksual xarakterli hərəkətlərə məcbur etməklə özünü öldürmə həddinə çatdırmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Ağayev daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 1992-ci ildən 2000-ci ilə qədər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıb. Son olaraq isə Xəzər Rayon Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub və həbs edilənə qədər məhkumluğu ödənilməmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki