Türkiyədə “Daltonlar” adlı mütəşəkkil cinayətkar dəstəyə qarşı İstanbul mərkəzli 30 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Referans Media yerli mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 30-u yetkinlik yaşına çatmayan şəxs olmaqla ümumilikdə 85 şübhəli saxlanılıb.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı cinayətkar şəbəkənin fəaliyyət mexanizmi üzə çıxarılıb.
Məlum olub ki, xaricdən idarə edildiyi ehtimal olunan “Daltonlar” dəstəsi sosial şəbəkələr vasitəsilə sifarişli hücumları həyata keçirəcək şəxslər cəlb edib. Həmin şəxslər daha sonra “WhatsApp” qruplarına əlavə olunaraq müxtəlif cinayət əməllərini törətməyə istiqamətləndiriliblər.
İstintaq zamanı qapalı mesajlaşma qruplarında aparılan yazışmalar araşdırılıb və şübhəlilərin hücumlara hazırlaşdıqları müəyyən edilib.
Şübhəlilərin şəxsiyyətləri müəyyənləşdirildikdən sonra İstanbul, Şırnak, Kayseri, Ankara, Aydın, Bursa, Qaziantep, İzmir, Hatay, Kocaeli, Mersin, Əskişəhər, Kilis, Manisa, Mardin, Şanlıurfa, Adana, Antalya, Balıkesir, Batman, Bingöl, Kahramanmaraş, Kırşehir, Muğla, Muş, Ordu, Samsun, Tekirdağ, Trabzon və Van vilayətlərində eyni vaxtda əməliyyatlara başlanılıb.
Reydlər zamanı saxlanılan 85 nəfər ifadələrinin alınması üçün İstanbul Polis İdarəsinə aparılıb.
Araşdırmalar nəticəsində cinayətkar dəstənin İnterpolun qırmızı bildirişi ilə axtarışda olan Beratcan Gökdəmir tərəfindən Rusiyadan idarə edildiyi ehtimal olunur.
Əməliyyat zamanı saxlanılanların təxminən üçdəbirinin yetkinlik yaşına çatmayan şəxslər olması diqqət çəkib. İstintaq materiallarına əsasən, cinayətkar şəbəkə sosial media vasitəsilə azyaşlıları və yeniyetmələri də öz sıralarına cəlb edərək müxtəlif hücumlarda istifadə edib.
Faktla bağlı istintaq davam etdirilir.
Xatırladaq ki, cinayətkar dəstəyə əsas təlimat verən əslən türkmənistanlı İntizar Babaniyazov Azərbaycanda saxlanılaraq, Türkiyəyə ekstradisiya olunub.
