Son illərdə süni intellekt əsaslı platformaların sürətlə yayılması təhsil sistemində də yeni mərhələ yaradıb. Xüsusilə “OpenAI” tərəfindən təqdim olunan “ChatGPT” kimi alətlər tələbələrin tapşırıqları yerinə yetirmə üsullarını dəyişdirib. Bir tərəfdən bu texnologiyalar informasiyaya çıxışı asanlaşdırır və fərdi öyrənmə imkanlarını genişləndirir, digər tərəfdən isə düşünmə və analiz bacarıqlarının zəifləməsi ilə bağlı narahatlıqlar artır.
Bəs görəsən, süni intellekt tələbələrin və şagirdlərin öyrənmə vərdişlərini zəiflədir, yoxsa fərdi təhsil modelini gücləndirir? Süni intellektdən təhsildə hansı formada istifadə edilə bilər?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, süni intellektin təhsilə təsiri ilə bağlı müzakirələrdə adətən iki fərqli yanaşma səslənir.
Onun sözlərinə görə, biri bunun şagirdlərin düşünmə qabiliyyətini zəiflədə biləcəyini deyir, digəri isə fərdiləşdirilmiş təhsili gücləndirdiyini vurğulayır:
“Mən hesab edirəm ki, məsələ alətin özündə deyil, ondan necə istifadə olunmasındadır. Əgər süni intellekt şagird üçün hazır cavab mənbəyinə çevrilirsə və o, düşünmək, araşdırmaq, müqayisə etmək əvəzinə birbaşa nəticəni götürürsə, bu zaman, əlbəttə ki, öyrənmə vərdişləri zəifləyə bilər. Xüsusilə də tənqidi düşünmə, məntiqi analiz və yazı bacarığı risk altına düşə bilər. Lakin düzgün pedaqoji yanaşma ilə bu texnologiya tam əks effekt yarada bilər”.
Ekspert qeyd edib ki, süni intellekt fərdi təhsil modelini gücləndirmək üçün çox ciddi imkanlar təqdim edir:
“Hər bir şagirdin öyrənmə tempi, maraq dairəsi və çətinlik çəkdiyi mövzular fərqlidir. Süni intellekt əsaslı platformalar şagirdin zəif və güclü tərəflərini analiz edərək ona uyğun tapşırıqlar təqdim edə, əlavə izahlar verə, hətta öyrənmə trayektoriyasını fərdiləşdirə bilər. Təhsildə süni intellektdən bir neçə formada istifadə mümkündür: adaptiv öyrənmə sistemləri vasitəsilə fərdiləşdirilmiş tapşırıqların hazırlanması, müəllimlər üçün analitik alət kimi sinif üzrə ümumi zəif mövzuların müəyyənləşdirilməsi və qiymətləndirmənin daha obyektiv aparılması, layihə əsaslı və tədqiqat yönümlü tapşırıqlarda şagirdin ideyalarını inkişaf etdirən köməkçi vasitə kimi. Amma burada əsas məsələ balansdır. Süni intellekt müəllimi əvəz etməməli, əksinə, müəllimin işini gücləndirməlidir. Şagirdin yerinə düşünən sistem deyil, şagirdi düşünməyə təşviq edən sistem qurulmalıdır. Əks halda, texnologiya təhsilın keyfiyyətini artırmaq əvəzinə, səthi bilik mühiti yarada bilər”.
Müsahibimizin fikrincə, süni intellekt nə təhlükə, nə də möcüzədir:
“O, düzgün strategiya və etik çərçivə ilə tətbiq olunduqda fərdi təhsil modelini gücləndirən, müəllimin rolunu isə daha strateji səviyyəyə qaldıran bir vasitədir. Əsas məsələ bu prosesi nəzarətsiz buraxmamaq və məktəblərdə rəqəmsal savadlılıqla paralel şəkildə tətbiq etməkdir”.























