Azərbaycanda toy və yas mərasimlərində çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması ilə bağlı yeni hüquqi yanaşma cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Plenum qərarına əsasən, kütləvi tədbirlərdə çəkiliş aparılması və yayılması ümumilikdə qadağan olunmur. Lakin konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş görüntüsünün əsas obyekt kimi paylaşılması, xüsusilə də istehzalı və ya alçaldıcı kontekstdə tirajlanması artıq hüquqazidd hesab ediləcək.
Bu qərar ilk baxışdan sadə görünsə də, xüsusilə toy mədəniyyətinə həm hüquqi, həm də sosial baxımdan mühüm təsirlər göstərə bilər. Azərbaycanda toylar yalnız ailə tədbiri deyil, həm də ictimai hadisə xarakteri daşıyır. Demək olar ki, hər toyda onlarla insan telefonla video çəkir, sosial şəbəkələrdə “story” və paylaşımlar edir. Yeni qərar isə bu vərdişlərə müəyyən məhdudiyyətlər və məsuliyyət hissi gətirir.
Referans Media xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüqşünas Natiq Ələsgərov bildirib ki, qərarın əsas məqsədi insanların şəxsi toxunulmazlığını qorumaqdır:
Onun sözlərinə görə, kütləvi tədbirdə ümumi görüntülərin çəkilməsi qanunidir, lakin fərdin reputasiyasına zərər vuran məqamların yayılması artıq məsuliyyət yaradır:
“Toyda kiminsə yorğun halda yuxulaması, emosional anlar yaşaması, yaxud uyğun olmayan vəziyyətdə görüntülənməsi normal haldır. Amma həmin şəxsi gülüş obyektinə çevirmək, videonu lağ-lağı məqsədilə paylaşmaq hüquq pozuntusudur.
Zərərçəkən şəxs məhkəməyə müraciət edib həm maddi, həm də mənəvi təzminat tələb edə bilər. Bu qərardan sonra toy sahibləri və qonaqlar daha diqqətli davranmalı olacaq. Artıq “hamı çəkir, mən də çəkim” yanaşması risklidir. Xüsusilə sosial mediada izləyici qazanmaq naminə başqalarının heysiyyətinə toxunan paylaşımlar ciddi hüquqi nəticələrə səbəb ola bilər”.
Sosioloq Elçin Bayramlı NOCOMMENT.az-a bildirib ki, son illərdə toylar getdikcə daha çox “şou” xarakteri alır və bu proses sosial şəbəkələrin təsiri ilə güclənir:
“İnsanlar artıq toya yalnız iştirak etmək üçün yox, həm də kontent yaratmaq üçün gedirlər. Maraqlı, bəzən isə utandırıcı görüntülər paylaşaraq diqqət çəkməyə çalışırlar. Yeni qərar bu tendensiyanı müəyyən qədər zəiflədə bilər və şəxsi məkan anlayışını yenidən ön plana çıxarar.”
Sosioloqun fikrincə, bu dəyişiklik toy atmosferinə də təsir göstərəcək:
“Qonaqlar daha rahat davranacaq, səhv başa düşülmək və ya sosial mediada məsxərəyə qoyulmaq qorxusu azalacaq. Bu isə insanların emosional baxımdan özlərini daha təhlükəsiz hiss etməsinə kömək edə bilər.
Qərar toy təşkilatçıları və video-operatorlar üçün də yeni məsuliyyət yaradır. Artıq çəkiliş zamanı hansı kadrların yayımlana biləcəyinə daha ciddi nəzarət olunmalıdır”.























