Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub.
Azərbaycanda da belə bir qanun qəbul edilə bilərmi? Niyə yaş həddi kimi 15 götürülüb?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, ölkəmizdə də bu istiqamətdə hüquqi tənzimləmələr tətbiq edilməlidir:
“Uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlərin qoyulması onların psixoloji və sosial inkişafının qorunması baxımından əhəmiyyətlidir. Son günlərdə xüsusilə Türkiyədə baş verən və uşaqların iştirak etdiyi terror halları bu məsələyə diqqəti daha da artırıb. Bu kimi tendensiyaların müəyyən əlamətləri Azərbaycanda da müşahidə olunduğundan, qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.
Deputat qeyd edib ki, bir çox valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə effektiv nəzarət etməkdə çətinlik çəkməsi problemi daha da aktuallaşdırır:
“Buna görə də məsələ yalnız fərdi nəzarətlə məhdudlaşmamalı, institusional və maarifləndirici yanaşmalarla dəstəklənməlidir. Gələcəkdə bu sahədə risklərin artmasının qarşısını almaq üçün həm qanunvericilik səviyyəsində addımlar atılmalı, həm də valideynlər üçün nəzarət və yönləndirmə mexanizmləri formalaşdırılmalıdır”.
Uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva bildirib ki, 15 yaş həddinin seçilməsi təsadüfi deyil:
“Bu yaşa qədər olan dövr neyropsixoloji inkişaf baxımından mühüm mərhələdir. Yeniyetməlik dövründə beynin əsas hissələrindən biri olan prefrontal korteks hələ tam formalaşmır. Bu sahə qərarvermə, impuls nəzarəti və risklərin qiymətləndirilməsi ilə bağlıdır. Həm də mükafat sistemi, xüsusilə dopamin fəaliyyəti yüksək olur. Sosial şəbəkələrdən gələn “like”, bildiriş və paylaşımlar bu sistemi güclü şəkildə aktivləşdirir, nəticədə balans pozulur. Bu isə yeniyetmələrdə riskli davranışlara meyli artırır, asılılığın daha tez formalaşmasına və sosial təsirə həddindən artıq açıqlığa səbəb olur. Araşdırmalara görə, 13-15 yaş arası uşaqlar sosial müqayisəyə daha həssas olur və onların özünə qiyməti daha çox xarici təsdiqdən asılı qalır”.
Psixoloqun sözlərinə görə, 15 yaş tam yetkinlik olmasa da, daha stabil psixoloji mərhələyə keçid nöqtəsi hesab edilir:
“Bu yanaşmanın müəyyən elmi əsasları mövcuddur. Məsələn, Amerika Psixologiya Assosiasiyası və Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda erkən yaşlarda ekran vaxtının məhdudlaşdırılmasını, sosial mediadan nəzarətli istifadəni tövsiyə edir. Qurumlar bildirir ki, tam qadağa deyil, tənzimlənmiş və təhlükəsiz istifadə daha məqsədəuyğundur. Çünki tam təcrid uşaqların sosial inkişafına mənfi təsir göstərə bilər. Müasir dövrdə sosiallaşmanın mühüm hissəsi onlayn mühitdə baş verir. Üstəlik, sərt qadağalar uşaqlarda marağı artırır və gizli istifadəyə səbəb ola bilər. Tövsiyə olunur ki, 0-6 yaşda minimum ekran istifadəsi, 7-12 yaşda valideyn nəzarəti ilə istifadə, 12-15 yaşda məhdud və nəzarətli sosial media, 15 yaşdan sonra isə tədricən müstəqillik artırılsın. Yəni əsas məqsəd uşağı internetdən uzaqlaşdırmaq deyil, onu rəqəmsal mühitdə təhlükəsiz və məsuliyyətli davranmağa hazırlamaqdır”.























