Almaniyanın “Lufthansa” aviaşirkəti yay mövsümündə 20 min reysi ləğv etmək qərarına gəlib. Əsas səbəb ABŞ-İsrail hərbi əməliyyatlarından sonra bahalaşan təyyarə yanacağına qənaət etməkdir. Şirkət eyni zamanda Sürix, Vyana və Brüssel istiqamətlərinə yeni reyslər açmağı planlaşdırır. Bildirilir ki, bu addım 40 min tondan çox yanacağa qənaət edəcək.
Bu proses azərbaycanlı turistlər üçün hansı imkanlar və ya risklər yaradır? Aviabiletlərdə gözlənilən bahalaşma tur paketlərinin qiymətlərinə də təsir edəcəkmi?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev deyib ki, neft qiymətlərinin artması ölkə iqtisadiyyatı üçün əlverişli şərait yaratsa da, müəyyən mənfi təsirlər də doğurur:
“Belə ki, neft məhsullarının, xüsusilə yanacağın bahalaşması logistika xərclərinin, aviabiletlərin qiymətinin artmasına və ümumilikdə sərnişin, o cümlədən turist daşımalarına birbaşa təsir göstərir. Azərbaycanın quru sərhədlərinin bağlı olması səbəbindən ölkəyə girişin əsas yolu hava nəqliyyatıdır. Yanacaq qiymətlərinin artması aviaşirkətlərin xərclərini yüksəldir, bu da biletlərin bahalaşmasına və nəticədə ölkəyə gələn turist sayının azalmasına səbəb olur”.
Ekspert bildirib ki, dünyada baş verən geosiyasi proseslər də turizm axınına mənfi təsir edir:
“Xüsusilə ərəb ölkələrindən və digər regionlardan gələn turistlərin sayında azalma müşahidə olunur. Bu vəziyyəti nəzərə alaraq, turizm bazarının şaxələndirilməsi istiqamətində addımlar atılır. Əvvəllər turist axınında ilk onluqda yer alan Körfəz ölkələri ilə yanaşı, hazırda MDB, Avropa və Asiya ölkələrindən turist cəlb etmək prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə müxtəlif beynəlxalq kampaniyalar həyata keçirilir, o cümlədən Türkiyə üzərindən reklam təşviqatları aparılır və hava limanlarında tanıtım işləri görülür. Yeni hava marşrutlarının açılması da turizmə müsbət təsir göstərir. Serbiya hava yollarının Azərbaycana uçuşlara başlayıb. Yaxın zamanda Slovakiya aviaşirkətlərinin də bu istiqamətdə fəaliyyətə başlaması gözlənilir”.
Əziz Şiriyevin sözlərinə görə, yanacaq qiymətlərinin artımı qaçılmaz olaraq aviabiletlərə təsir edir:
“Lakin aşağıbüdcəli aviaşirkətlərlə əməkdaşlıq bu təsiri müəyyən qədər azaltmağa imkan verir. Paket təkliflər və münasib qiymət strategiyaları vasitəsilə daha çox turist cəlb etmək mümkündür. Hazırda ölkəmiz bu istiqamətdə işləri davam etdirir. Ümumilikdə, mövcud çətinliklərə baxmayaraq, görülən tədbirlərin yaxın perspektivdə turizm sektorunda vəziyyəti sabitləşdirəcəyi gözlənilir”.























